Süni intellektin təhlükəsizliyi, ekzistensial risklər və simulyasiya hipotezi üzrə araşdırmaları ilə məşhur olan isveçli filosof Nik Bostromun proqnozuna görə, süni intellekt sayəsində 1400 ilə qədər yaşamaq mümkün olacaq.
Turkustan.az Bakupost-a istinadən xəbər verir ki, gələcəkdə bəşəriyyət süni intellekt (Sİ) inkişafı sayəsində 1000 ildən çox yaşamağı öyrənə bilər.
Filosofun sözlərinə görə, yeni texnologiyalar tibbdə və qocalma tədqiqatlarında elmi irəliləyişləri sürətləndirməyə qadirdir və tam aradan qaldırıldıqda, insan ömrü 1200-1400 ilə çata bilər.
Ekspertin fikrincə, süni intellektdən istifadə edərək, elm adamları qocalma proseslərini dayandırmağı və sağlam 20 yaşlı insanlara xas olan ölüm nisbətini qorumağı öyrənsələr, belə bir ssenari mümkün kimi görünür:
"Qocalmasaydıq, ömrümüzün nə qədər olacağını düşünsəniz, bu, təxminən 1200, bəlkə də 1400 il ola bilər”.
Tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, bu cür proqnozlar şişirtmədir:
“Canlıların ömür uzunluğu genetik olaraq müəyyən edilib. Elə bitkilər var ki, 1 il, elə bitkilər də var ki, 500 il yaşayır. Heyvanlar arasında da belələri vardır. İnsanların fizioloji ömrü isə 100 yaşın üstündədir. Belədə, insan 1200-1400 ilə qədər yaşaya bilməz. Orqanizmdə gedən proseslər, qocalma elə baş verir ki, səslənın rəqəmlər reallığı əks etdirmir. Bu süni intellektin bacaracağı məsələ deyil. İnsan ömrünə təsir edən digər ekzogen amillər də var. Ekoloji problemlərin mövcudluğu və təmiz mühitin olmaması fonunda bunları reallaşdırmaq mümkünsüzdür”.
Həmsöhbətimizə görə, bu kimi proqnozlarla süni intellektin rolunu şişirdir, ona marağı artırırlar:
“Bu yolla süni intellektlə bağlı müəyyən məhsullara gələcəkdə daha çox diqqət ayrılmasına çalışırlar. Bazarda artıq süni intellektlə idarə olunan xeyli məhsul, proqramlar var. Süni intellektin heç vaxt yaradıcı təfəkkürü ola bilməz. Süni intellekt özü də idarə olunmalıdır”.