Türkiyədən NÜVƏ HƏMLƏSİ: 2050-ci ilə qədər...


Türkiyə 2050-ci ilə qədər Akkuyu, Sinop və Trakyada azı 12 nüvə reaktoru tikməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda keçirilən "Əsrin gəncliyi: Enerji" proqramında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, dünyanın ən böyük enerji böhranlarından biri ilə üzləşməsinə baxmayaraq, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında enerji təchizatı ilə bağlı ciddi problemlər yaşamayıb.

“Milli Enerji 2040” strategiyasının əsas istiqamətlərindən danışan Bayraktar bərpa olunan enerji mənbələrinin gücünün əhəmiyyətli dərəcədə artırılacağını vurğulayıb.

O qeyd edib ki, hazırda 45 min meqavat təşkil edən bərpa olunan enerji obyektlərinin qoyuluş gücü təxminən dörd dəfə artırılaraq 175 min meqavata çatdırılacaq.

Ölkənin müxtəlif bölgələrində günəş və külək elektrik stansiyaları inşa ediləcək.

Nazir nüvə enerjisinin inkişafının 70 il ərzində Türkiyənin arzusu olduğunu xatırladaraq, hazırda “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) dörd enerji blokunun tikintisinin davam etdiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, Türkiyə “Akkuyu” AES-dən əlavə, Sinop və Trakyada da atom elektrik stansiyaları tikməyi planlaşdırır.

Bundan başqa, ölkə kiçik modul reaktorlar (SMR) texnologiyasını inkişaf etdirmək və onların yerli istehsalını qurmaq niyyətindədir.

Bayraktar gələcəkdə atom energetikasının Türkiyənin enerji balansının ayrılmaz hissəsinə çevriləcəyini vurğulayıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ