Türkiyənin Kastamonu vilayətinin Taşköprü rayonundakı Ortaöz kəndində 22 ildir siqaret çəkilmir. Kənd sakinləri yalnız özləri bu vərdişdən imtina etməyib, əraziyə gələn qonaqlardan da siqaret yandırmamağı tələb edirlər.
Turkustan.az xəbər verir ki, İHA-nın məlumatına görə, kənddə bu təşəbbüs 22 il əvvəl bələdiyyə deyil, kənd muxtarı Mahmut Sezerin rəhbərliyi ilə başlayıb. 40 evdən ibarət Ortaöz və ona bağlı üç məhəllənin sakinləri həmin vaxtdan siqaretə qarşı mübarizəni birgə davam etdirirlər.
Kəndin girişində gələnləri “Siqaret çəkilməyən Ortaöz kəndinə xoş gəlmisiniz” yazısı qarşılayır. Burada həm qapalı məkanlarda, həm də açıq ərazilərdə siqaret çəkməyə icazə verilmir. Kənd sakinlərinin sözlərinə görə, gələn qonaqlar da bu qaydaya hörmətlə yanaşırlar, hətta siqaret çəkənlər belə xəbərdarlıq lövhəsini gördükdən sonra siqaretlərini ciblərinə qoyurlar.
Muxtar Mahmut Sezer bildirib ki, təşəbbüs ilk dəfə irəli sürüləndə ciddi etirazlarla qarşılaşıblar. Hətta bəzi sakinlər qadağaya etiraz olaraq xəbərdarlıq lövhələrinin altında gizlicə siqaret çəkiblər. Bu hallara görə şikayətlər edilib, jandarma da məsələyə müdaxilə edib. Zaman keçdikcə kənd sakinləri yeni qaydaya uyğunlaşıb və siqaretdən imtina ediblər.
Sezer özü də 30 il siqaret çəkdiyini, sonradan bu vərdişdən qurtulduğunu deyib. Onun sözlərinə görə, xüsusilə yay aylarında kəndə gələn gənclərlə siqaret çəkməmələri barədə söhbətlər aparılır.
Muxtar qeyd edib ki, ətraf kəndlərin sakinləri də siqareti tərgitmək üçün onlardan dəstək istəyirlər. O, kənddə əvvəllər xroniki obstruktiv ağciyər xəstəliyindən (KOAH) əziyyət çəkən və oksigen aparatından istifadə edən insanların belə siqaret çəkdiyini xatırladaraq, bunun yaratdığı təhlükələri sakinlərə izah etdiklərini bildirib.
Kənd sakini Selfinaz Doğan isə həyat yoldaşı Murat Doğanın onun xatirinə siqareti tərgitdiyini söyləyib. Onun sözlərinə görə, həkim həyat yoldaşına siqaret çəkməməyi tövsiyə edib. Qadının qanında nikotin aşkarlandığını öyrənən Murat Doğan 2004-cü il fevralın 14-də – Sevgililər Günündə siqaretdən imtina edib.
Murat Doğan da bu qərarından məmnun olduğunu, siqareti buraxdıqdan sonra özünü daha yaxşı hiss etdiyini bildirib. O, hər kəsi sağlam həyat naminə bu zərərli vərdişdən uzaqlaşmağa çağırıb. /Qaynarinfo/
‹›6 / 6




