Qatı anti-Azərbyacan və ermənipərəst mövqeyi ilə tanınan, Ukraynaya qarşı müharibəni fəal şəkildə dəstəkləyən Rusiya Dövlət Dumasının hakim partiyadan olan deputatı Konstantin Zatulin Rusiyanın 1-ci kanalında gözlənilməz çıxış edib.
Turkustan.az xəbər verir ki, Zatulin televiziya efirində NATO ölkəsi olan İspaniyada, Aralıq dənizinin sahilində şəxsi mənzilinin olduğunu etiraf edib. Onu bu barədə danışmağa vadar edən isə həmin mənzilin Ukraynadan qaçqın düşən şəxslər tərəfindən zəbt edilməsi olub.
O deyib ki, dənizin sahilindəki evində Ukrayna vətəndaşları məskunlaşdırılıb. Deputatın sözlərinə görə, İspaniya hakimiyyəti onları çıxarmaq üçün heç bir tədbir görmür.
Zatulin Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqının sanksiyalarına məruz qalıb. Bundan sonra o, Avropadakı əmlakını idarə etmək və Şengen zonasına çıxış hüququnu itirib. 2023-cü ildə ukraynalılar özbaşına onun mənzilinə köçüblər və bu günə qədər orada qalırlar.
"Artıq üç il keçib və İspaniya hakimiyyəti hələ də onları çıxara bilməyəcəklərini iddia edir", - deyə deputat şikayətlənib. Zatulin təəssüflə etiraf edib ki, o, İspaniyadakı evində qalan ukraynalılara görə elektrik enerjisi, su və digər kommunal xidmətlərin haqqını da ödəməkdə davam edir. İspaniya hakimiyyət orqanları isə ukraynalıları mənzildən çıxarmağı qeyri-humanist hesab edir. Yəni, hökumət faktiki olaraq mənzili ukraynalılara verib, onun kommunlal xərclərini isə Zatulinə ödətdirir.
Deputat bu vəziyyətdən qəzəbləndiyini bildirib: "İspaniyada bu necə mənzil siyasətidir ki, asanlıqla qapıları qırıb mənzilə girib illərlə orada yaşaya bilərsiniz?". Zatulin efidən İspaniyanın Rusiyadakı səfirinə müraciət və şikayət edib.
Qatı şovinst, imperiyaçı və müharibə tərəfdarı olan Zatulinin bu etirafları Rusiya cəmiyyətində, xüsusilə “Z təbliğat” kanallarında böyük əks-səda doğurub. Gecə-gündüz Qərb və NATO əleyhinə danışan, oradakı həyat tərzini lənətləyən, Ukrayna üzərində qələbəyə çağıran deputatın özünün Ukraynanı dəstəkləyən bir NATO ölkəsində mənzilə sahibi olması tənqid edilir. Bir çoxları soruşurlar ki, nədən Zatulin Rusiyanın strateji tərəfdaşları olan Belarusda, yaxud Şimali Koreyada deyil, məhz Avropada mənzil sahibi olub?
Lakin Rusiya siyasi elitasında Avropa və Amerikada əmlakları olan əlbəttə ki, təkcə Zatulin deyil…
Qeyd edək ki, noyabrın 18-də Rusiya Dövlət Duması vəzifəli şəxslərin və parlament üzvlərinin xaricdə əmlak sahibi olmasını qadağan edən qanun layihəsini rədd edib. Qanunu irəli sürən Rusiya Kommunist Partiyası bu sənədin hökumətin elan etdiyi "elitanı milliləşdirmək" siyasətinə uyğun hesab edib. Lakin üzvlərinin böyük əksəriyyətinin Qərbdə əmlakları olan parlament bu qanunu rədd edib. /AzPolitika/