Dünyanın ən təhlükəsiz cihazları arasında göstərilən iPhone və Mac kompüterlərində 35 təhlükəsizlik boşluğu aşkarlanıb. OpenAI-ın yeni süni intellekt modeli vasitəsilə üzə çıxarılan bəzi boşluqların zərərli internet saytları üzərindən cihazlara nəzarətin ələ keçirilməsinə imkan verə biləcəyi bildirilir.
Turkustan.az xəbər verir ki, Firefox brauzerində aşkarlanan 81 boşluq və Linux sistemləri üçün hazırlanmış 948 hücum üsulu da diqqət çəkir. ABŞ-da banklardan aviaşirkətlərə qədər müxtəlif sahələrdə baş verən texnoloji fasilələr narahatlığı artırarkən, oxşar risklərin Türkiyəyə necə təsir göstərə biləcəyi də maraq doğurur.
35 təhlükəsizlik boşluğu
ABŞ-ın “Forbes” nəşrinin məlumatına görə, OpenAI və “Calif” kibertəhlükəsizlik şirkəti GPT-6 Cyber adlı süni intellekt modeli vasitəsilə “Apple” məhsullarında təxminən 35 təhlükəsizlik boşluğu müəyyən edib.
Araşdırma yalnız iPhone və Mac kompüterləri ilə məhdudlaşmayıb. **iPad, Apple Watch, Apple TV və Vision Pro cihazlarında da müxtəlif təhlükəsizlik problemləri aşkarlanıb.**
Bəzi boşluqların zərərli şəxslər tərəfindən hazırlanmış internet saytları vasitəsilə telefon və kompüterlərə nəzarətin ələ keçirilməsinə imkan verə biləcəyi qeyd olunur.
Xüsusi qoruma sistemi belə aşılmağa çalışılıb
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri “Apple” şirkətinin xüsusilə jurnalistlər, siyasətçilər və kibermüharibələrin hədəfinə çevrilmə riski yüksək olan şəxslər üçün hazırladığı Kilid Rejimi (Lockdown Mode) ilə bağlıdır.
Tədqiqatçılar süni intellektin köməyi ilə bu sistemin bəzi qoruma mexanizmlərini aşmağa imkan verə biləcək üsul hazırlayıblar.
Lakin bu, bütün iPhone cihazlarının ələ keçirildiyi anlamına gəlmir. “Calif” şirkətinin baş direktoru Tay Duonq Kilid Rejiminin hələ də mühüm qoruma təmin etdiyini bildirib. Eyni zamanda, “Apple” şirkətinin ona bildirilən təhlükəsizlik boşluqlarının əhəmiyyətli hissəsini aradan qaldırdığı qeyd olunur.
OpenAI-ın noyabrın 5-də təqdim etdiyi GPT-6 Cyber digər sistemlərdə də diqqətçəkən nəticələr əldə edib.
Şirkətin açıqlamasına görə, Firefox internet brauzerində əvvəllər məlum olmayan 81 ciddi təhlükəsizlik boşluğu aşkarlanıb.
Linux əməliyyat sisteminin əsas proqram təminatında isə məlum olan 948 təhlükəsizlik boşluğundan istifadə etməyə imkan verən işlək hücum üsulları hazırlanıb.
Tədqiqatçılar aşkar edilmiş problemlərin aradan qaldırılması üçün müvafiq proqram təminatı istehsalçılarına da məlumat veriblər.
Bankların işi və uçuşlar pozuldu
Bu hadisələrin baş verdiyi günlərdə ABŞ-da böyük texnoloji fasilələr qeydə alınıb. “Microsoft”un bəzi xidmətlərinə giriş mümkün olmayıb, “JPMorgan Chase” bankında yaranan texniki problem digər banklara da təsir edib.
“United Airlines” aviaşirkətinin təxminən 150 reysində gecikmələr yaşanıb. “Apple” şirkətinin onlayn xidmətləri və ABŞ Milli Təhlükəsizlik Agentliyinin istifadə etdiyi kommunikasiya şəbəkəsində də müvəqqəti fasilələr yaranıb.
“Reuters”in məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bu fasilələrin bir-biri ilə əlaqəli olduğuna və ya zərərli hücumlardan qaynaqlandığına dair sübut olmadığını açıqlayıb.
Mütəxəssislər süni intellekt vasitəsilə təhlükəsizlik boşluqlarının daha sürətli aşkarlanması ilə yanaşı, onların aradan qaldırılması üçün aparılan intensiv proqram yeniləmələrinin də bəzi texniki nasazlıqlara səbəb ola biləcəyinə diqqət çəkirlər.
İstifadəçilər nə etməlidir?
Təhlükəsizlik mütəxəssisləri telefon və kompüterlərdə proqram yeniləmələrinin gecikdirilməməsini tövsiyə edirlər.
iPhone istifadəçiləri cihazlarının yeniləmə vəziyyətini “Parametrlər”, “Ümumi” və “Proqram təminatının yenilənməsi” bölmələrindən yoxlaya bilərlər.
Naməlum keçidlərə daxil olmamaq, etibarsız tətbiqləri yükləməmək və hesablar üçün iki mərhələli təsdiqləmədən istifadə etmək də təhlükəsizlik tədbirləri sırasındadır.
Bununla yanaşı, bəzi təhlükəsizlik boşluqlarından istifadə etmək üçün istifadəçinin hər hansı keçidə daxil olması tələb olunmur. Buna görə də proqram yeniləmələrinin vaxtında quraşdırılması xüsusi əhəmiyyət daşıyır. /Musavat.com/