Sosial şəbəkələrdə şəxsi şəkillərin silinməsi son günlər kütləvi xarakter alıb.
Turkustan.az Milli.Az-a istinadən xəbər verir ki, xüsusilə qadınlar süni intellekt texnologiyalarının yaratdığı risklər səbəbindən profil fotolarını və əvvəl paylaşdıqları görüntüləri platformalardan yığışdırmağa başlayıblar.
Belə ki, süni intellekt əsasında çalışan bəzi proqramlar istənilən şəxsin üz cizgilərini və bədən quruluşunu real görüntülərə uyğun şəkildə modelləşdirə bilir. Bu texnologiyalardan sui-istifadə edildikdə isə insanların razılığı olmadan saxta və etik olmayan görüntülərin, o cümlədən porno məzmunun hazırlanması mümkün olur. Artıq buna dair nümunələr Teleqram kanallarında yayılmaqdadır.

Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, bu cür hallar şəxsi həyatın toxunulmazlığına ciddi təhlükə yaradır. Xüsusilə açıq profillərdə paylaşılan şəkillərin nəzarətsiz şəkildə yayılması və sonradan fərqli məqsədlər üçün istifadə edilməsi narahatlıq doğurur.
Bu tip görüntülərin hazırlanması və yayılması bir çox ölkədə cinayət məsuliyyəti yaradır. Lakin texnologiyanın sürətlə inkişaf etməsi hüquqi mexanizmlərin bəzən gecikməsinə səbəb olur.
Qeyd edək ki, mütəxəssislər istifadəçilərə sosial şəbəkə hesablarını qapalı rejimdə saxlamağı, şəxsi şəkillərin paylaşımında daha ehtiyatlı olmağı və naməlum tətbiqlərə foto yükləməkdən çəkinməyi tövsiyə edirlər.