ABŞ–İsrail arasında İrana qarşı 28 fevralda başlayan hücumlar artıq 20-ci gündür davam edir.
Turkustan.az xəbər verir ki, Vaşinqton hərbi strategiyasını genişləndirərək hava hücumları ilə yanaşı, quru əməliyyatları variantını da müzakirə edir. Reuters agentliyinə danışan rəsmilərin sözlərinə görə, ABŞ strateji ərazilərə nəzarəti təmin etmək məqsədilə quru qüvvələrindən istifadə edə bilər.
Agentliyin məlumatına əsasən, mümkün quru müdaxiləsi əsasən üç istiqaməti əhatə edə bilər:
Hörmüz boğazı sahili: Neft tankerlərinin təhlükəsiz keçidini təmin etmək üçün İranın sahil xətti boyunca bufer zonalarının yaradılması və qurudan fəaliyyət göstərən raket batareyalarının zərərsizləşdirilməsi planlaşdırılır.
Xark adası: İranın neft ixracatının təxminən 90 faizinin həyata keçirildiyi bu strateji əraziyə nəzarətin ələ keçirilməsi əsas hədəflərdən biri kimi göstərilir. Ekspertlər bildirirlər ki, adanın infrastrukturunu tam məhv etmək əvəzinə, ona nəzarəti ələ alaraq idarə etmək daha məqsədəuyğun hesab olunur.
Uran ehtiyatları: İranın zənginləşdirilmiş uran ehtiyatlarının təhlükəsizliyinin təmin edilməsi və ya ABŞ-a daşınması da mümkün ssenarilər arasındadır. Bu əməliyyatın ABŞ Xüsusi Qüvvələri üçün ən riskli və mürəkkəb missiyalardan biri olacağı qeyd olunur.
Ağ Ev rəsmisi bildirib ki, quru əməliyyatı ilə bağlı hələlik yekun qərar verilməyib, lakin Prezident Tramp bu variantı mümkün variantlar arasında saxlayır. Vurğulanıb ki, ABŞ-ın əsas məqsədləri İranın ballistik raket imkanlarını neytrallaşdırmaq, donanmasını tamamilə məhv etmək, regional proksi qruplarla əlaqələrini kəsmək və nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Aytən Yaşar/ Turkustan.az