NATO-nun baş katibi Mark Rutte bildirib ki, alyans yüksək hazırlıq vəziyyətindədir və müttəfiq ərazilərinin hər qarışını müdafiə etməyə hazırdır.
Turkustan.az xəbər verir ki, Rutte bu açıqlamaları Brüsseldə yerləşən NATO qərargahında Rumıniya Prezidenti Nikusor Dan ilə birgə mətbuat konfransı zamanı səsləndirib.
Onun sözlərinə görə, NATO istənilən təcavüzün qarşısını almağa qadirdir və belə bir vəziyyət yaranarsa, dərhal və qətiyyətlə cavab verəcək.
Rutte vurğulayıb: “Biz yüksək hazırlıq vəziyyətindəyik və müttəfiq ərazisinin hər qarışını müdafiə etməyə hazırıq. Bunu son həftələrdə də gördük. İrandan Türkiyəyə atılan ballistik raketlər ələ keçirilib”.
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarına münasibət bildirən Rutte qeyd edib ki, NATO müttəfiqləri İranın nüvə və ballistik raket imkanlarına malik olmamasının vacibliyi ilə razıdır.
O əlavə edib ki, ABŞ artıq İranın bu imkanlarını zəiflətmək istiqamətində addımlar atır. Rutte bunun Avropa, İsrail və ümumilikdə Yaxın Şərq regionunun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Baş katib həmçinin vurğulayıb ki, bütün müttəfiqlər Hörmüz boğazının bağlanmasının qəbuledilməz olduğu mövqeyini bölüşürlər.
Aytən Yaşar/ Turkustan.az