Suriyada devrilmiş Əsəd rejiminin geridə qoyduğu kimyəvi silah qalıqlarını məhv etmək üçün beynəlxalq işçi qrupu yaradılıb.
Turkustan.az xəbər verir ki, Türkiyə də daxil olmaqla mexanizm rəsmi olaraq Nyu-Yorkda keçirilən mərasimlə fəaliyyətə başlayıb.
Xarici İşlər Nazirliyinin mənbələrindən əldə edilən məlumata görə, 10 oktyabr 2025-ci il tarixində Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) İcra Şurası Suriyada kimyəvi silah qalıqlarının sürətlə yerində məhv edilməsinə dəstək verən qətnamə qəbul edib. Əsəd rejiminin gizli kimyəvi silah proqramının qeyri-müəyyənliyi və imkanlarının məhdudluğu səbəbindən, beynəlxalq ictimaiyyətin dəstəyi ilə xüsusi bir proses başlanıb.
Suriya hökuməti, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) ilə əməkdaşlıq çərçivəsində, kimyəvi silah qalıqlarının aşkarlanması, saxlanılması və məhv edilməsi məqsədilə “Azadlıq Nəfəsi İşçi Qrupu” adlı beynəlxalq mexanizm yaradıb. Türkiyə bu işçi qrupa Suriyanın dəvəti ilə qoşulub. İşçi qrupa Türkiyə və Suriyadan əlavə, Qətər, ABŞ, Birləşmiş Krallıq, Fransa, Almaniya, Kanada və KSQT-nin Texniki Katibliyi də daxildir.
Aytən Yaşar/ Turkustan.az