Erməni məhsulu marketlərə gəlir - ALAN OLACAQMI?


Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan iş adamları arasında Ermənistandan Azərbaycana tək bir məhsulun ixracı ilə bağlı danışıqlar aparılır.

Picture background

Nazir qeyd edib ki, tərəflər artıq ilkin təkliflər üzərində işləyirlər: “Biz öz təklifimizi irəli sürmüşük. Hazırda hər iki tərəfin biznes nümayəndələri arasında müzakirələr davam edir”, – deyə o vurğulayıb. Papoyan söhbətin hansı konkret məhsuldan getdiyini açıqlamayıb. Bu isə mövzunun ətrafında marağı daha da artırıb. Mütəxəssislərin fikrincə, belə bir “tək məhsul” formatında əməkdaşlıq hər iki ölkə üçün sınaq xarakteri daşıya bilər. Əgər bu addım uğurlu alınarsa, gələcəkdə daha genişmiqyaslı ticarət əlaqələrinin qurulmasına zəmin yarana bilər.

Eyni zamanda, bu proses çərçivəsində sərhəd-keçid mexanizmləri, logistika xətləri və gömrük prosedurları da praktik olaraq test ediləcək. Bu isə biznes mühiti üçün mühüm əhəmiyyət kəsb edir.

Ekspertlər hesab edir ki, iqtisadi sahədə belə addımlar regionda normallaşma və qarşılıqlı etimadın formalaşmasına xidmət edə bilər. Ticarət əlaqələrinin inkişafı siyasi gərginliyin azalmasına təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycan və Ermənistan arasında mümkün ticarət əlaqələri hələ ilkin mərhələdədir və bu istiqamətdə atılan addımlar daha çox sınaq xarakteri daşıyır. Onun sözlərinə görə, əvvəllər müəyyən dövrlərdə Ermənistanla təxminən 4–5 milyon dollarlıq məhsul dövriyyəsi ehtimalı səsləndirilsə də, hazırda birbaşa idxal-ixrac mexanizmləri tam formalaşmayıb: “Ermənistan tərəfi hesab edir ki, Azərbaycan artıq başlayıbsa, onlar tərəfdən də bu istiqamətdə ilk addımlar atılsın. Bu yanaşma iş adamları arasında əlaqələrin qurulmasına, ticarətin formalaşmasına və gələcəkdə ümumi sülh prosesinə də müsbət təsir göstərə bilər. Hazırda əsas üstünlük Azərbaycanın tərəfindədir. Belə ki, ölkə artıq dövlət xətti ilə ixrac imkanlarına malikdir və xüsusilə enerji daşıyıcıları bu sahədə əsas yer tutur. Burada özəl sektor hələlik iştirak etmir. Ermənistanın isə dövlət səviyyəsində təqdim edə biləcəyi strateji məhsulu yoxdur ki, onu sata bilsin və ya özəl sektorun iştirakı olmadan ticarət əlaqələri yaransın. Bu səbəbdən də ilkin mərhələdə daha çox özəl sektorun iştirakı vacib hesab olunur. Təklif olunan məhsullar siyahısında əsasən ərzaq, kənd təsərrüfatı və balıqçılıq məhsulları, eləcə də əlvan metallar yer alır. İlkin mərhələdə Azərbaycan cəmiyyətində Ermənistandan gələn məhsullara qarşı müəyyən ehtiyatlı yanaşmanın olması təbiidir. Lakin məhsullar dövlət yoxlamalarından keçərsə və qiymət baxımından əlverişli olarsa, zamanla bazarda müəyyən tələbat yarana bilər”.

Ekspert deyir ki, qısa müddətdə böyük həcmli -on milyonlarla və ya yüz milyonlarla dollar səviyyəsində ticarət dövriyyəsi gözləmək real deyil. Bunun üçün bir sıra vacib infrastruktur məsələləri həll olunmalıdır: “Hər iki ölkənin bank sistemləri arasında əlaqələrin qurulması, pul köçürmələrinin təmin edilməsi, sığorta mexanizmlərinin tətbiqi, logistika və nəqliyyat xətlərinin formalaşdırılması lazımdır. Hazırda Azərbaycan bankları ilə Ermənistan bankları arasında birbaşa əməkdaşlıq yoxdur və bu da ticarətin genişlənməsinə mane olan əsas amillərdən biridir. Eyni zamanda, iş adamları üçün sığorta təminatının olmaması riskləri artırır. Müqayisə üçün qeyd edim ki, Azərbaycanın Gürcüstan ilə ticarət dövriyyəsi artıq 1 milyard dollara yaxınlaşır və bu, formalaşmış iqtisadi əlaqələrin göstəricisidir. Ermənistanla isə yaxın illərdə bu səviyyəyə çatmaq real görünmür. Buna baxmayaraq, mərhələli şəkildə iqtisadi əlaqələrin qurulması, qarşılıqlı etimadın artmasına və ümumilikdə regionda sabitlik və əməkdaşlıq mühitinin güclənməsinə töhfə verə bilər”.
Picture background

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, uzun illər əvvəl regionda qeyri-rəsmi ticarət kanalları vasitəsilə Ermənistan mənşəli məhsulların Azərbaycana daxil olması halları müşahidə olunub. Onun sözlərinə görə, aparılan müşahidələr zamanı bəzi məhsulların üzərində erməni mənşəyini göstərən izlərə rast gəlinib: “Mən müşahidələr apardım və Tiflisə getdim. Məlum oldu ki, Tiflisin ikinci vağzalı adlanan ərazidə hər gün ermənilər, azərbaycanlılar və ermənilər görüşürlər. Onlar pul və mal mübadiləsi edirlər. Həmçinin, nəqliyyat xətləri - xüsusilə qatar marşrutları vasitəsilə oradan Azərbaycana müəyyən şəxslər qeyri-rəsmi şəkildə mallar daşıyırdlar. Bu şəxslər çox vaxt gömrük yoxlamalarından kənar fəaliyyət göstərirdilər. Onlar əsasən təsərrüfat malları, bəzi hallarda isə içkilər gətirirdilər. Ancaq kommunikasiyalar kəsiləndən sonra bu dayandırıldı.
Hazırkı mərhələdə isə Azərbaycan istehlakçıları Ermənistan mənşəli məhsulları, xüsusən də ərzaq mallarını almağa hazır deyillər. Çox böyük psixoloji baryer var. Erməni içkilərini tərifləyirlər, ancaq mən düşünürəm ki, bizim yerli içkilər daha keyfiyyətlidir. Düşünürəm ki, Azərbaycan məhsulları Ermənistanda kütləvi şəkildə satıla bilər. Erməni məhsulları isə yaxın 8-10 il ərzində özünə kifayət qədər alıcı tapa bilməyəcək. Şübhəsiz ki, Ermənistandan Azərbaycana məhsul gətirilərsə, AQTA bunu nəzarət altında saxlayacaq. Bununla belə etimad çox aşağıdır”. /musavat.com/


MANŞET XƏBƏRLƏRİ