ABŞ-ın mərkəzində sirli dron həyəcanı: Onlar nazirliklərin üzərində uçdular


ABŞ-ın iki yüksək vəzifəli rəsmisinin — dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin iştirak etdiyi hərbi obyekt üzərində naməlum dronların aşkar edildiyi iddia olunur.

Turkustan.az xəbər verir ki, bu iddialar Vaşinqtonda təhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

“The Washington Post” qəzetinin adı açıqlanmayan üç ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, ABŞ və İsrailin İrana hücumlarından sonra Amerika ordusu potensial təhdidləri daha yaxından izləməyə başlayıb.

Məlumata əsasən, son 10 gün ərzində Rubio və Heqsetin yerləşdiyi Vaşinqtondakı Fort MakNeyr hərbi bazası üzərində bir gecə ərzində çoxsaylı pilotsuz uçuş aparatları (PUA) müşahidə edilib. Lakin rəsmi qurumlar bu dronların mənşəyini müəyyən edə bilməyib.

Hesabatda bildirilir ki, hadisədən sonra təhlükəsizlik tədbirləri gücləndirilib və Ağ Evdə məsələ ilə bağlı xüsusi iclas keçirilib. Rəsmilərin hər iki nazirin başqa yerə köçürülməsi variantını nəzərdən keçirdiyi qeyd olunsa da, hələlik bu istiqamətdə konkret addım atılmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ