İlk yardım: Günvurma və istivurma zamanı nə etmək lazımdır?


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə günvurma ilə bağlı iyunun 1-dən bu günə qədər ümumilikdə 12 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, onlardan 10 nəfərə yerində yardım göstərilib, digər iki şəxs isə hospitalizasiya olunub.

Məsələ ilə bağlı tanınmış cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla "Cebhe.info"-ya açıqlamasında bildirib ki, günvurma və istivurma məhz günəş şüalarının birbaşa düşdüyü yerlərdə baş verən və ilkin yardım tələb edən hadisələrdir:

"Ona görə də belə şəxslərdə ürəkgetmələr, soyuq tər basması, qıcolma ola bilər. Halı pisləşmiş şəxs hadisə yerindən dərhal sərin yerə köçürülməlidir, bədən sərin dəsmalla silinməlidir.

Ümumiyyətlə, insanlara məsləhətimiz budur ki, günorta saat 12:00-16:00 aralığında günəş şüaları altında dayanmasınlar. İstər çimərlikdə, istərsə də küçədə bu saatlarda olmaq uyğun deyil. Həmçinin insanlar isti havalarda özləri ilə su gəzdirsələr yaxşıdır.

Çünki istiylə bağlı bədən su itkisinə məruz qalır. Yaxşı olar ki, baş örtüklərindən istifadə edənlər açıq rənglərdən istifadə etsinlər. Bu günlərdə Məkkədə 300 nəfərdən çox zəvvarın dünyasını dəyişməsi də bu anormal istilərə bağlıdır".


MANŞET XƏBƏRLƏRİ