“İran azərbaycanlıların sıx yaşadığı bu əraziyə sızıb: təhlükə var!” – Saakaşvilinin xəbərdarlığının SİRRİ


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqi ilə bağlı qərara münasibət bildirib.

Eks-prezident qeyd edib ki, bu, Azərbaycanın dünyəvi dövlət kimi mövqeyinin möhkəmləndirilməsi və radikal dindarlığın təsirinin qarşısının alınması üçün atılan çox mühüm və cəsarətli addımdır.

Mixail Saakaşvili İranın Borçalıda yaşayan azərbaycanlılara yönəlik fəaliyyətlərinə də diqqət çəkib:

“Artıq Azərbaycana təsir göstərə bilməyən İran fəal şəkildə Gürcüstanda yaşayan azərbaycanlıların dini baxımdan radikallaşdırılmasını həyata keçirir. Bu isə Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ölümcül təhlükə yaradır. Buradakı radikallar həm Gürcüstan, həm Azərbaycan, həm də bütün region üçün təhlükə törədirlər”.

Turkustan.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Mixail Saakaşvili haqlıdır:

“İranın təsir qruplarına qarşı Azərbaycanda aparılan əməliyyatlar bu ölkənin strategiyasını dəyişdi. Yəni İran Gürcüstana yönəlib. Bunun nəticəsi olaraq, Gürcüstan azərbaycanlıları İranın təsiri altına düşüblər. Bu, çox təhlükəli tendensiyadır.

1671105283 qabil huseynli

Qabil Hüseynli

Gürcüstan azərbaycanlıları Azərbaycanla çox sıx təmasdadırlar. İran bu yolla Azərbaycanın qərb rayonlarına çox asanlıqla sıza, burada öz təsir dairəsini yarada bilər. Bu isə görülən bütün işlərin sıfırlanması deməkdir.

İranın ideologiyası din əsaslıdır. İnsanların dini inanclarından öz siyasi məqsədləri üçün istifadə edirlər. Buna yol vermək olmaz. Gürcüstanda yaşasalar belə, onlar bizim soydaşlarımızdır. Rəsmi Tbilisi ilə bu məsələdə mütləq danışıqlar aparılmalıdır. Bu, bizim üçün milli təhlükəsizlik məsələsidir”.


MANŞET XƏBƏRLƏRİ