Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 oktyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb.
Pensiya artımının sosial vəziyyətə təsirləri ilə bağlı sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, pensiyaların artırılması müsbət addımdır və bu artım pensiyaçıların sosial vəziyyətinə müəyyən qədər müsbət təsir göstərəcək:
"İlk növbədə, onların gündəlik istehlak imkanları genişlənəcək, ərzaq, dərman və digər zəruri ehtiyaclarının ödənilməsinə dəstək olacaq. Eyni zamanda, pensiyaların artırılması əhalinin aztəminatlı təbəqəsinin gəlirlərinin yüksəlməsinə, daxili istehlakın və pərakəndə ticarət dövriyyəsinin dəstəklənməsinə də müsbət təsir edən amildir. Çünki pensiyaçılar aldıqları vəsaitin böyük hissəsini yığıma deyil, birbaşa gündəlik istehlaka yönəldirlər. Lakin unutmayaq ki, pensiyaların nominal artımı hələ insanların sosial vəziyyətinin eyni səviyyədə yaxşılaşması anlamına gəlmir".
F.Yusifov bildirib ki, əsas məsələ pensiyaların neçə faiz artırılması deyil, həmin artımın qiymətlərin yüksəlməsi fonunda pensiyaçının alıcılıq qabiliyyətini nə dərəcədə yaxşılaşdırmasıdır:
"Məsələn, orta aylıq pensiyanın 596 manata çatması o deməkdir ki, bir pensiyaçının gündəlik xərcləri üçün orta hesabla 19,9 manat vəsaiti var. Bu məbləğ hesabına insan qidalanmalı, kommunal xidmətlərin haqqını ödəməli, dərman almalı və digər zəruri ehtiyaclarını qarşılamalıdır. Xüsusilə əlavə gəlir mənbəyi olmayan və davamlı tibbi xidmətə ehtiyac duyan yaşlı insanlar üçün bu vəsaitin kifayət etdiyini demək düzgün olmazdı".
Sabiq nazir qeyd edib ki, digər tərəfdən, pensiyaçıların istehlak səbətinin strukturu orta statistik vətəndaşın istehlak səbətindən fərqlənir. Onların xərclərində ərzaq məhsullarının, dərman preparatlarının, tibbi xidmətlərin və kommunal ödənişlərin xüsusi çəkisi daha yüksəkdir:
"Bu səbəbdən də ölkə üzrə ümumi inflyasiya göstəricisi pensiyaçıların real həyatında baş verən bahalaşmanı heç də həmişə tam əks etdirmir. Pensiyaların artımının sosial vəziyyətə real təsirini qiymətləndirmək üçün məhz bu amil nəzərə alınmalıdır".
İqtisadçı onu da qeyd edib ki, orta aylıq pensiyanın 596 manat olması heç də bütün pensiyaçıların bu məbləğdə pensiya alması demək deyil. Daha yüksək pensiya alan insanların hesabına orta göstərici yüksələ bilər. Ona görə də pensiya təminatının səviyyəsini qiymətləndirərkən orta göstərici ilə yanaşı, median pensiyanın, minimum pensiya alanların sayının və pensiyaçıların gəlir qrupları üzrə bölgüsünün də açıqlanması vacibdir. Bu, sosial siyasətin daha dəqiq və ünvanlı qurulmasına imkan verir:
"Pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlılığı ölkə iqtisadiyyatının inkişafından birbaşa asılıdır. Real sektorun genişlənməsi, yeni və yüksək əməkhaqqı ödənilən iş yerlərinin yaradılması, qeyri-rəsmi məşğulluğun azaldılması və sosial sığorta daxilolmalarının artırılması gələcəkdə daha yüksək pensiya təminatının əsasını təşkil edir. Başqa sözlə, bu gün iqtisadiyyatda yaradılan keyfiyyətli iş yerləri sabah daha yüksək pensiyaların maliyyə mənbəyidir.
Nəticə etibarilə, pensiyaların 9,3 faiz indeksləşdirilməsi əhalinin sosial müdafiəsi baxımından müsbət qiymətləndirilməlidir. Bu artım pensiyaçıların müəyyən xərclərini qarşılamaq imkanlarını genişləndirəcək və qiymət artımının onların ailə büdcəsinə təsirini qismən yumşaldacaq. Lakin pensiya təminatında əsas hədəf yalnız nominal artım deyil, insanların real həyat səviyyəsinin davamlı yüksəldilməsi olmalıdır".
Son olaraq Fikrət Yusifov diqqətə çatdırıb ki, biz pensiyaların artımını yalnız statistik rəqəmlərlə deyil, pensiyaçının həmin vəsait hesabına nə qədər ərzaq, dərman və xidmət ala bilməsi ilə ölçməliyik.