FİFA prezidenti Canni İnfantinonun ABŞ Prezidenti Donald Trampa məxsus Tramp Qülləsində təşkilat adından böyük ofis sahəsi icarəyə götürməsi ilə bağlı təfərrüatlar Amerika mətbuatında yayımlanıb.
Turkustan.az xəbər verir ki, bu məlumata görə, icarə müqaviləsinin dəyəri təxminən 4 milyon dollardır, lakin ofis sahəsi əsasən boş qalır.
ABŞ Prezidenti Donald Trampla FİFA prezidenti Canni İnfantino arasındakı yaxın münasibətlər Amerika mətbuatının diqqət mərkəzindədir.
2026-cı il FİFA Dünya Çempionatına təxminən bir il qalmış təşkilat Tramp Qülləsinin 17-ci mərtəbəsində yerləşən ofisinin təntənəli açılışını keçirib. ABŞ prezidentinin oğlu Erik Tramp ailəsinin FİFA kimi qlobal futbol idarəetmə qurumuna ev sahibliyi etməkdən şərəf duyduğunu bildirib.
“New York Times” qəzetinin müqavilədə birbaşa iştirak edən iki rəsmi şəxsin məlumatlarına və araşdırdığı sənədlərə istinadən yaydığı xəbərə görə, FİFA yeddi ildən çox müddəti əhatə edən və təxminən 4 milyon dollar dəyərində olan icarə müqaviləsi imzalayıb.
Aytən Yaşar/Turkustan.az