Polşada casus proqram qalmaqalı: Tuskdan İsrailə ittiham


Polşanın Baş naziri Donald Tusk əvvəlki hökumət dövründə “Pegasus” casus proqramından istifadə etməklə Polşa vətəndaşlarının həssas məlumatlarının İsrailə ötürülməsini “dövlətə qarşı ağır cinayət” və Polşa tarixinin ən böyük qalmaqallarından biri adlandırıb.

Turkustan.az xəbər verir ki, Tusk ABŞ-da yerləşən “X” sosial şəbəkəsində paylaşdığı video müraciətində “Pegasus”un İsrail şirkəti tərəfindən hazırlandığını və genişmiqyaslı kiber nəzarət imkanlarına malik olduğunu bildirib.

Baş nazir “Pegasus” proqramını hazırlayan İsraildə yerləşən NSO Group şirkətinin İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etdiyinə şübhə olmadığını deyib. O, hadisəni kommunizmin süqutundan bəri Polşa tarixinin ən böyük qalmaqallarından biri kimi qiymətləndirib.

Tusk cinayət qurbanlarına yardım üçün nəzərdə tutulan vəsaitin “Pegasus” proqramının alınmasına xərcləndiyini bildirib:

“Polşada Polşa vətəndaşları, müxalifət liderləri və müstəqil prokurorlar haqqında mümkün olan bütün məlumatları İsrail tərəfinə ötürən sistem üçün pul ödəyiblər. Halbuki həmin vəsait cinayət qurbanlarına verilməli idi. Polşa tərəfinin bu prosesə demək olar ki, heç bir nəzarəti olmayıb”.

Baş nazir əlavə edib ki, ədalət və milli təhlükəsizliyə cavabdeh şəxslər minlərlə, hətta on minlərlə Polşa vətəndaşının həssas məlumatlarını lazımi nəzarət olmadan xarici dövlətə ötürüblər.

“Bu, artıq sadəcə qalmaqal deyil. Düşünürəm ki, hər kəsə aydındır: söhbət dövlətə qarşı ağır cinayətdən gedir. Onlar məsuliyyət daşıyacaqlar”, – deyə, Tusk vurğulayıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ