Kişilərdə süd vəzi nahiyəsinin böyüməsi hər zaman artıq çəki ilə əlaqəli deyil. Tibbdə ginekomastiya adlandırılan bu vəziyyət hormonal dəyişikliklər, bəzi xəstəliklər və dərman vasitələrinin təsiri nəticəsində yarana bilər.
Turkustan.az xəbər verir ki, plastik, rekonstruktiv və estetik cərrah Tale Qasımov ginekomastiyanın yaranma səbəbləri, əlamətləri və müalicə üsulları barədə danışıb.
Mütəxəssisin sözlərinə görə, ginekomastiya kişilərdə süd vəzinin vəzili toxumasının xoşxassəli böyüməsidir. Bu hal bir və ya hər iki döşdə müşahidə oluna bilər. Əsas səbəblərdən biri testosteron və estrogen hormonları arasındakı tarazlığın pozulmasıdır.
Həkim bildirib ki, ginekomastiya yenidoğulmuşlarda, yeniyetmələrdə və yaşlı kişilərdə fizioloji səbəblərdən yarana bilər. Bununla yanaşı, testosteron çatışmazlığı, qalxanabənzər vəzin pozğunluqları, qaraciyər və böyrək xəstəlikləri, bəzi dərmanlar və anabolik steroidlər də bu vəziyyətə səbəb ola bilər.
Tale Qasımov qeyd edib ki, ginekomastiyanı artıq çəki nəticəsində sinə nahiyəsində piy toplanmasından fərqləndirmək vacibdir. Həqiqi ginekomastiyada vəzili toxuma, yalançı ginekomastiyada isə piy toxuması artır. Bəzi hallarda hər iki dəyişiklik eyni vaxtda müşahidə olunur.
Sinə nahiyəsində sürətli böyümə, sərt kütlə, gilədən ifrazat, dəridə dəyişiklik və ya gilənin içəri çəkilməsi kimi əlamətlər olduqda mütləq həkimə müraciət edilməlidir. Diaqnoz fiziki müayinə, laborator analizlər və zərurət yarandıqda ultrasəs və ya mammoqrafiya vasitəsilə dəqiqləşdirilir.
Cərrahın sözlərinə görə, müalicə problemin yaranma səbəbindən asılıdır. Bəzi hallarda müşahidə və əsas xəstəliyin müalicəsi kifayət edir. Uzun müddət davam edən və öz-özünə geriləməyən ginekomastiyada isə cərrahi müdaxilə nəzərdən keçirilə bilər.
Əməliyyat zamanı liposaksiya, vəzili toxumanın xaric edilməsi və ya hər iki üsulun birlikdə tətbiqi mümkündür. Hansı metodun seçiləcəyi toxumanın xüsusiyyətlərinə və pasiyentin fərdi vəziyyətinə əsasən müəyyən edilir.
Tale Qasımov kişilərə sinə nahiyəsindəki böyüməni yalnız estetik problem kimi qiymətləndirməməyi, özbaşına hormonal preparatlar qəbul etməməyi və vaxtında mütəxəssis müayinəsindən keçməyi tövsiyə edib. /Yeni Sabah/