Ukraynadakı müharibəyə son qoymaq məqsədilə danışıqlar yenidən intensivləşdikcə, Avropa İttifaqını Rusiya ilə danışıqlarda kimin təmsil edəcəyi məsələsi gündəmin əsas mövzularından birinə çevrilib.
Turkustan.az xəbər verir ki, Aİ Şurasının sədri Antonio Kosta və xarici siyasət üzrə ali nümayəndə Kaja Kallasın adları ətrafında müzakirələr davam etsə də, Fransa və Almaniyanın E3 formatını qorumaq istəyi Avropanın vahid mövqe formalaşdırmasını çətinləşdirir.
Ukraynadakı müharibənin həlli ilə bağlı danışıqlarda Avropa İttifaqı (Aİ) adından kimin çıxış edəcəyi məsələsi illərdir müzakirə olunsa da, hələ də qəti cavab tapmayıb.
Diplomatik səylərin yenidən intensivləşməsi ilə bu məsələ Dublində keçirilən Aİ liderlərinin qeyri-rəsmi görüşünün də əsas müzakirə mövzularından birinə çevrilib. Görüşdən verilən açıqlamalar Avropanın danışıqlarda vahid mövqedən çıxış etməsi ilə bağlı fikir ayrılıqlarının davam etdiyini göstərib.
Formal baxımdan Aİ-ni təmsil etmək səlahiyyəti bir neçə vəzifəli şəxs arasında bölüşdürülüb. Aİ Şurasının sədri Antonio Kosta və qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bu istiqamətdə əsas fiqurlar hesab olunurlar.
Lakin Avropanın danışıqlarda təmsilçiliyi yalnız institusional səlahiyyətlərlə məhdudlaşmır. Müxtəlif diplomatik formatların mövcudluğunun Avropanın mövqeyinə və etibarlılığına xələl gətirdiyini düşünənlər də var.
Bu məsələdə narahatlığını ifadə edənlərdən biri də İtaliyanın Baş naziri Corcia Melonidir. Onun Aİ Şurasının sədri Antonio Kostaya ünvanladığı məktubun da təmsilçilik məsələsinin Dublin sammitinin gündəliyinə daxil edilməsində təsirli olduğu bildirilir.
Aytən Yaşar/Turkustan.az