Türkiyədə növbədənkənar seçkilər bu tarixdə keçirilə bilər - Ərdoğanın planı


Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) parlament və prezident seçkilərinin vaxtından əvvəl – 2027-ci ilin may ayında keçirilməsi imkanını nəzərdən keçirir.

Turkustan.az xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti məlumat yayıb.

Noyabrın əvvəlində Türkiyə Prezidentinin hüquq məsələləri üzrə baş müşaviri Mehmet Uçum bildirmişdi ki, Rəcəb Tayyib Ərdoğanın administrasiyası ümumi seçkilərin vaxtının dəyişdirilməsi üçün parlamentin dəstəyini qazanmağa ümid edir. Bu, hazırkı dövlət başçısına sonuncu dəfə prezidentliyə namizədliyini irəli sürmək imkanı verə bilər.

Qəzetin yazdığına görə, hakim partiya daxilində seçkilərin 2028-ci ildən daha erkən tarixə keçirilməsi müzakirə olunur. Bununla belə, partiyanın bəzi nümayəndələri 2027-ci ilin noyabr ayını daha real variant hesab edirlər. Onlar səsvermənin vaxtını ölkədəki iqtisadi və siyasi vəziyyətlə əlaqələndirirlər.

Bununla yanaşı gələn ilin may ayı da müzakirə mövzusudur. Məlumata görə, 2027-ci ilin may ayının nəzərdən keçirilməsində əsas amillərdən biri yanvar ayında pensiyaların artırılması ola bilər.

Belə ki, hökumət adi indeksləşdirmə ilə yanaşı, pensiyaçılara birdəfəlik ödəniş və ya əlavə artım verilməsi imkanını da müzakirə edir.

Hakim partiyadan olan bir mənbə nəşrə açıqlamasında bildirib:

“Əgər gözlənilən artım baş tutmasa, yaranacaq mənfi reaksiyanın öhdəsindən gələ bilməyəcəyik”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan ümumilikdə 12 ildən artıqdır Türkiyə Prezidenti vəzifəsini tutur.

Hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyası sədrinin müavini Abdülhəmit Gül sentyabrın 15-də açıqlamasında bildirib ki, parlament müvafiq qərar qəbul edəcəyi təqdirdə Ərdoğanın yenidən prezidentliyə namizəd olmasının qarşısında hüquqi və konstitusion maneə görmür. /modern.az/


MANŞET XƏBƏRLƏRİ