Rubio BCM-ni hədəfə aldı: “Özlərini dünyanın hakimi elan ediblər”


ABŞ-ın dövlət katibi Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsini (BCM) “qanunsuz” adlandıraraq beynəlxalq hüququn ABŞ-ın xarici siyasət qərarlarına qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini iddia edib.

Turkustan.az xəbər verir ki, Rubio bu fikirləri mühafizəkar hüquqşünaslar təşkilatı olan “Federalist Cəmiyyəti”nin təşkil etdiyi Milli Hüquqşünaslar Konqresində çıxışı zamanı səsləndirib.

O bildirib ki, ABŞ administrasiyasının xarici siyasət qərarları beynəlxalq hüququn pozulması ilə bağlı iddialar əsasında hədəfə alınır.

Rubio Beynəlxalq Cinayət Məhkəməsini “saxta və qeyri-qanuni” adlandıraraq qurumun fəaliyyətini tənqid edib.

“Bu qlobal elita üçün beynəlxalq hüquq qərəzsiz qaydalar toplusu deyil. Əksinə, onlar universal prinsiplər bəhanəsi altında öz maraqlarını irəli sürmək üçün beynəlxalq hüquqdan vasitə kimi istifadə edirlər”, – deyə dövlət katibi bildirib.

ABŞ Prezidenti Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etmək qərarını müdafiə edən Rubio məhkəmənin hətta onun yurisdiksiyasını tanımayan suveren dövlətlər üzərində də səlahiyyət iddiasında olduğunu irəli sürüb.

“Amerikalılar heç vaxt Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətlərinə tabe olmağı qəbul etməyiblər. Lakin bu məhkəmə və onun müttəfiqləri özlərini beynəlxalq nizamın hakimi, münsiflər heyəti və icraçısı elan ediblər”, – deyə Rubio vurğulayıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ