Texnologiya nəhəngi "Microsoft"un "Outlook", "Teams" və süni intellekt köməkçisi "Copilot" xidmətlərində yaranan qlobal giriş problemi 74 ölkədə əməliyyatları dayandırıb.
Turkustan.az xəbər verir ki, saatlarla davam edən nasazlıq dünya miqyasında milyonlarla istifadəçiyə təsir göstərərək dövlət qurumları və iri şirkətlərin rabitə şəbəkələrində ciddi problemlərə yol açıb.
Bir gün əvvəl başlayan texniki böhran ABŞ-dan Asiya-Sakit Okean bölgəsinə qədər geniş bir coğrafiyanı əhatə edib. Şirkətdən verilən açıqlamaya görə, bəzi serverlərin gözlənilmədən sıradan çıxması digər serverlərdə həddindən artıq yüklənməyə səbəb olub. Mütəxəssislər sıradan çıxmış serverləri yenidən aktivləşdirmək və istifadəçi axınını alternativ serverlərə yönləndirmək üçün işlərə başlasalar da, atılan addımlar hələlik gözlənilən nəticəni verməyib.
"Microsoft" rəsmiləri problemin həlli istiqamətində yalnız məhdud irəliləyiş əldə olunduğunu etiraf ediblər. Xidmətlərin nə vaxt tam bərpa olunacağı isə hələlik dəqiqləşdirilməyib.
AYtən Yaşar/ Turkustan.az