Xəbər verdiyimiz kimi, Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb.
Hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib.
O, qısa vaxt sonra dünyasını dəyişib. Qeyd edək ki, tibbi təhsili olmadan bu cür prosesi həyata keçirən, yəni ailə üzvlərinə, yaxın insanlara iynə vuran şəxslərin sayı heç də az deyil.
Bu isə bəzi hallarda problemlərə yol açır. Ümumiyyətlə, bunun hüquqi əsası varmı?
Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, bəzi hallarda xüsusi bilik və bacarıqları olmayan şəxslər tərəfindən aparılan müalicələr nəticəsində vətəndaşların ciddi xəsərat alması, sağlamlıqlarını itirməsi, hətta ölüm hallarının baş verməsini müşahidə edirik:
“Təbii olaraq bu hallar hamısı qanunvericiliklə qadağandır. Ümumiyyətlə, xüsusi bilik və bacarıqları olmayan şəxslər tərəfindən müalinənin həyata keçirilməsi, o cümlədən iynələrin vurulması qanunsuz hesab edilir və qadağandır.
Əgər onların apardığı müalicə nəticəsində şəxsin sağlamlığına zərər dəyirsə, həmin şəxsin hüququ yaranır ki, ona qarşı şikayət, iddialar qaldırsın. Eləcə də dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb eləsin.
Hətta bu müalicələr ağır nəticələr verirsə, həmin şəxslərə qarşı cinayət işinin başlanması mümkündür. Əgər belə bir müalicələr, iynənin vurulması, dərmanların verilməsi şəxsin ölümü ilə nəticələnirsə, bu zaman artıq fakt üzrə prokurorluq tərəfindən cinayət işi başlanılır.
Həmin şəxsin əməli Cinayət Məcəlləsində “ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olma” kimi qiymətləndiirlə bilər. Həmin şəxs təqsirləndiirlən şəxs kimi işə cəlb oluna bilər və gələcəkdə həmin maddənin tələblərinə uyğun olaraq cəza ala bilər”.