Zelenski ərazi ultimatumu verdi: "Əsla təslim olmayacağıq!"


Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin heç bir halda ərazilərindən imtina etməyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Zelenski Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün yerli və xarici jurnalistlərlə görüşüb.

Son günlər müharibəyə son qoymaq məqsədilə ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqların aparıldığını xatırladan Zelenski Avropa ölkələrinin də bu prosesə qoşulmalı olduğunu bildirib.

O qeyd edib ki, Avropanı danışıqlarda kimin təmsil edəcəyi ilə bağlı müzakirələr davam edəcək.

Zelenskinin sözlərinə görə, üçtərəfli danışıqlar zamanı Ukrayna Rusiyaya enerji infrastrukturuna hücumları dayandırmağı və dənizdə atəşkəs elan etməyi təklif edib. Lakin o, Rusiya Prezidenti Vladimir Putinin şəxsən atəşkəsi dəstəkləmədiyini vurğulayıb.

Ukrayna Prezidenti danışıqlarda ölkəsinin ərazi bütövlüyü məsələsinin də müzakirə olunduğunu bildirib. O, Ukraynanın öz torpaqlarından imtina etməyəcəyini bir daha bəyan edib:

“Mən bunu dəfələrlə demişəm. Ukrayna geri çəkilmir və ərazilərini terrorçulara təhvil vermir. Amerikalılar soruşdular ki, əgər Ukrayna NATO-ya qoşularsa, Donbasdan geri çəkiləcəkmi? Bu, ilk dəfə idi ki, belə bir sual verilirdi”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ