Rusiya Ukraynadakı müharibəyə son qoymaq üçün NATO-nun hərbi qüvvələrini 1997-ci ildəki mövqelərinə çəkməsini tələb edib.
Turkustan.az "The New York Times" qəzetinə istinadən xəbər verir ki, Moskva bu həftə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə keçirilən qapalı görüşlər zamanı alyansla bağlı əvvəlki tələblərini yenidən gündəmə gətirib.
Qəzetin əldə etdiyi və görüş iştirakçıları tərəfindən təsdiqlənən 10 noyabr tarixli sənəddə Kremlin Avropa təhlükəsizliyi ilə bağlı gözləntiləri əks olunub. Sənədə əsasən, rəsmi Moskva NATO-nun genişlənməsinin dayandırılmasını və Qərbin Ukraynaya silah göndərişlərinə dərhal son qoymasını istəyir. Bundan əlavə, Rusiyanın irəli sürdüyü şərtlər arasında Böyük Britaniya və Fransanın Avropa ölkələrinə təqdim etdiyi nüvə müdafiəsinə məhdudiyyətlərin qoyulması da yer alıb.
Aytən Yaşar/ Turkustan.az