Noyabrın 13-də İstanbulda fəaliyyət göstərən İstanbul Azərbaycan Kültür Evi Dərnəyinin təşkilatçılığı ilə İstanbul şəhərində yerləşən Barış Manço adına Mədəniyyət Mərkəzində Azərbaycanın Zəfər bayramına həsr olunmuş konsert təşkil edilib.
Konsertin açılışında çıxış edən dərnəyin başqanı Hikmət Əlp bildirdi ki: "Türkiyə ilə Azərbaycan əbədi qardaşdır, bu qardaşlığı heç bir qüvvə poza bilməz. Biriləri süni provakasiya yaratmaq istədi, amma əsla buna nail ola bilməyəcəklər, çünki bizim tariximiz, mədəniyyətimiz, kökümüz birdir".
Konsertin əsas iştirakçısı əslən cənubi Azərbaycandan olan Ehsan Əsədullahi və sənət dostları idi. "Türküstan"a açıqlamasında Ehsan bəy qey etdi ki, şimali Azərbaycandan cənuba köç etmiş ağşalvarlı ailədə, Tehran şəhərində anadan olub. Əsas ilham mənbəyi Azərbaycan musiqisini uzun illər Tehranda inkişaf etdirib yaşadan əmisi, tanınmış qarmon ustası Rəhman Əsədullahi olub. Tehranda Musiqi Akademiyasını bitirib, daha sonra Bakıda tanınmış sənətçilər Aftandil İsrafilov, Ənvər Sadıqovdan özəl dərslər alıb. Rəhman bəy artıq altı ildir İstanbulda yaşayır. Həm İranda, həm Türkiyədə Milli Simfoniya orkestrində solist olaraq fəaliyyət göstərib. "Biz illərdir Azərbaycan həsrətilə yaşamışıq, Azərbaycan heç bir zaman sönməyən bir alovdu. Aərbaycanın Zəfər bayramını təbrik edirəm, yaşasın bütün dünya azərbaycanlıları! " deyə ürək sözlərini ifadə edən Ehsan Əsədullahi həm konserti təşkil edənlərə, həm də "Türküstan"a təşəkkür etdi.
Sənətçi və dostlarının ifasında səsləndirilən Azərbaycan və Türkiyə musiqiləri iştirakçıların alqışlarıyla çoşdu.
Yaqut Misirxanlı
İstanbul
