Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham edilir.
Maraqlıdır, Ramiz Mehdiyevi mühakimə edəcək hakim kimdir?
Bunu araşdırmağa çalışdıq.
Məlum olub ki, Prezident Administrasiyasının sabiq rəhbərini sorğu-sual edəcək hakim Murad Aslanov ilk dəfə 2019-cu ildə hakimliyə namizədlərin müsabiqəsində iştirak edib. Məhkəmə-Hüquq Şurasının 2019-cu ilə aid məlumatında Murad Aslanov hakimliyə namizədlərin şifahi imtahanına buraxılan hüquqşünasların siyahısında olub.
M. Aslanovun adı 2021-ci ildə keçirilən seçim prosesində 60 və daha çox bal toplayaraq tədris kurslarına buraxılan 41 namizədin siyahısında da yer alıb.
11 may 2022-ci il tarixli rəsmi məlumatda onun test, yazılı və şifahi imtahanlardan keçdiyi, yarımillik tədris kursunu və məhkəmələrdə stajkeçməni başa vurduğu görünür. O, yekun müsahibəyə buraxılan 39 hüquqşünasdan biri olub.
1 iyul 2022-ci il tarixində ölkə Prezidentinin sərəncamı ilə Murad Aslanov Lənkəran Rayon Məhkəməsinin hakimi təyin olunub. O, 2022–2025-ci illərdə Lənkəran Rayon Məhkəməsində hakim kimi fəaliyyət göstərib.
Prezident İlham Əliyevin 25 dekabr 2025-ci il tarixli sərəncamı ilə Murad Şamxal oğlu Aslanov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunub. O, artıq 1 ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi fəaliyyət göstərir./modern.az
