Həsən Həsənov: Albaniya ilə bağlı bu məsələlər hələ də həllini tapmayıb


"Udinlərin albanların yeganə varisi sayılması böyük səhvdir".

Turkustan.az xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminarda deyib.

O, bildirib ki, Qafqaz Albaniyasının tarixinin hələ də bir sıra həllini tapmamış məsələlər var. Alimin sözlərinə görə, Albaniyanın dini, etnik və mədəni irsi ilə bağlı məsələlərin araşdırılması zamanı tarixi mənbələrə və elmi faktlara daha dərindən yanaşmaq vacibdir.

Tarixçi alim bildirib ki, Qafqaz Albaniyasının tarixi irsi yalnız bir xalqın və ya ölkənin tarixi ilə məhdudlaşdırıla bilməz. Onun sözlərinə görə, azərbaycanlılar da Qafqaz Albaniyasının tarixi irsinin varislərindən biridir. Həmçinin, ermənilər də özlərini Qafqaz Albaniyasının varisi kimi təqdim etməyə çalışırlar, lakin bu iddia tarixi faktlara əsaslanmır.

Həsən Həsənov alban məbədləri ilə bağlı məsələyə də toxunaraq bildirib ki, müxtəlif dövrlərdə bu abidələrin dini və tarixi kimliyi ilə bağlı fərqli yanaşmalar ortaya qoyulub. O, tədqiqatçı Davud Axundovun alban memarlığı və məbədləri ilə bağlı araşdırmalarını da xatırladıb.

Alim qeyd edib ki, ərəb fəthlərindən sonrakı dövrdə bölgədə dini proseslər dəyişib və İslamın yayılması Qafqaz Albaniyasının tarixində mühüm mərhələ təşkil edib. Onun sözlərinə görə, Albaniya ərazisində müxtəlif dini inancların mövcud olması bu tarixin daha geniş şəkildə araşdırılmasını zəruri edir.

Seminarın sonunda Qafqaz Albaniyasının tarixi irsinin daha dərindən araşdırılması, mövcud mübahisəli məsələlərin elmi əsaslarla öyrənilməsi və tarixi məlumatların gələcək nəsillərə düzgün çatdırılmasının vacibliyi vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ