Ramiz Mehdiyev və köməkçisinin məhkəməsi başladı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Turkustan.az xəbər verir ki, hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquq və vəzifələri izah edilib.

Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin müdafiə hüququnun və digər prosessual təminatlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.

Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilib.

Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.

09:07

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Modern.az xəbər verir ki, iş üzrə hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir.

Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb.

DTX-nin yaydığı məlumata əsasən, həyata keçirilən kompleks tədbirlər nəticəsində Ramiz Mehdiyev, Abbas Abbasov və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli saxlanılıblar. Həmin iş çərçivəsində 2025-ci ilin noyabrında Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov da həbs olunub.

İttiham aktına görə, xarici ölkənin xüsusi xidmət orqanları Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adlı qurumdan istifadə ediblər. “Milyarderlər İttifaqı” kimi tanınan təşkilatın rəhbərləri Abbas Abbasov və Rüstəm İbrahimbəyovun, eləcə də Ramiz Mehdiyev, Əli Kərimli, AXCP üzvləri Fuad Qəhrəmanlı, Qənimət Zahid və digər şəxslərin dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi barədə razılığa gəldikləri iddia olunur.

İstintaq materiallarında bildirilir ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə fəaliyyət istiqamətlərini əks etdirən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı sənəd hazırlayıb.

İttihama əsasən, xarici dildə tərtib olunan həmin material razılaşdırılması üçün Mehdiyevin köməkçisi Eldar Əmirov və digər şəxslər vasitəsilə Əli Kərimliyə təqdim edilib. Sənədin yekun redaktə olunmuş nüsxəsinin isə 2025-ci il oktyabrın 3-də “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərildiyi və bu prosesin texniki vasitələrlə qeydə alındığı bildirilir.

Ramiz Mehdiyev xarici xüsusi xidmət orqanlarının köməyi ilə dövlət hakimiyyətinin ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş fəaliyyətdə, eləcə də Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici dövlət nümayəndələrinə yardım göstərməkdə ittiham edilir.

İttiham aktında onun 2025-ci il oktyabrın 13-dək cinayət yolu ilə əldə olunduğu iddia edilən 17 milyon manatdan çox vəsaiti leqallaşdırdığı da göstərilib.

Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.


MANŞET XƏBƏRLƏRİ