Dinşünas Rafiq Əliyevin yas mərasimi ilə bağlı açıqlaması diqqət çəkib. O bildirib ki, Məhəmməd Peyğəmbərin dövründə 3, 7 və 40 mərasimləri olmayıb, bu adətlər sonradan, xüsusilə sovet dövründə cəmiyyətimizdə formalaşıb. R.Əliyevin sözlərinə görə, İmam Hüseynə yas saxlanılması ənənəsi zamanla cəmiyyətə də keçib və nəticədə biri vəfat etdikdə 3, 7, 40 mərasimləri keçirilməyə başlanıb.
Bəs doğrudanmı islam dinində 3, 7 və 40 mərasimlərinin keçirilməsinin əsası yoxdur?
Turkustan.az xəbər verir ki, Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev bildirib ki, islam dininə görə, müsəlman dünyasını dəyişdikdə onunla bağlı yerinə yetirilməli əsas şəri vəzifələr sırasında cənazənin qüsl edilməsi, kəfənlənməsi, cənazə namazının qılınması və dəfn edilməsi dayanır:
“Bununla yanaşı, dünyasını dəyişən şəxsin yaxınlarına başsağlığı vermək, onların dərdinə şərik olmaq, təsəlli vermək və həmin ağır günlərdə onları tək qoymamaq dinimizin tövsiyə etdiyi əməllərdəndir. Yas və hüzn günləri dedikdə məsələni yalnız süfrə açmaq, yeyib-içmək və məclis təşkil etməklə məhdudlaşdırmaq doğru deyil. Əsas məqsəd müsibətə düçar olmuş ailənin yanında üç gün olmaq, onların mənəvi yükünü azaltmaq, mərhum üçün Quran oxumaq, dua etmək və Allahdan ona rəhmət və bağışlanma diləməkdir”.
İlahiyyatçı deyib ki, islamın ilk dövrlərində də müsibət baş vermiş ailənin yükünü azaltmağa xüsusi diqqət yetirilirdi:
“Allah Rəsulunun (s) zamanında bir ailə yaxınını itirdikdə, digər müsəlmanlar onların yanında olar, təsəlli verər və yas sahibinin yemək hazırlamaq qayğısına düşməməsi üçün onlara yemək hazırlayıb gətirərdilər. Bunun ən məşhur nümunələrindən biri Cəfər ibn Əbu Talibin (ə) şəhadəti zamanı Peyğəmbərin (s) onun ailəsi üçün yemək hazırlanmasını buyurmasıdır. Təəssüf ki, zaman keçdikcə bəzi yerlərdə bu anlayışın mahiyyəti dəyişib, yas sahibi təsəlli edilməli olduğu halda, böyük məclislər və ağır maddi xərclər qarşısında qalır”.
Mərhumun 7, 40 və il mərasimlərinin keçirilməsinə gəlincə isə, R.Qarayevin sözlərinə görə, bu, öz-özlüyündə vacib şəri hökm hesab edilmir:
“Bununla belə, belə günlərdə insanlar bir araya gələrək Quran oxuyur, dua edir, sədəqə verir və mərhumu xeyirlə yad edirlərsə, bu əməllər öz mahiyyətinə görə dinin qadağan etdiyi əməllər deyil. Burada mühüm olan israfa yol verməməkdir.
İslam mənbələrində bəzi rəqəmlərin, o cümlədən 40 rəqəminin müxtəlif hadisələrdə xüsusi şəkildə qarşımıza çıxır. Qurani-Kərimdə Musa peyğəmbərin (ə) Rəbbi ilə müəyyən edilmiş müddəti qırx gecə ilə tamamlanır: “Musa ilə otuz gecə vədələşdik və onu daha on gecə ilə tamamladıq…” (Əraf surəsi, 7:142)
Rüfət Qarayev
Başqa bir ayədə isə insanın qırx yaşına çatması həyatın mühüm mərhələlərindən biri kimi qeyd edilir (Əhqaf surəsi, 46:15).
Cəfəri ənənəsində 40 rəqəminin ən məşhur nümunələrindən biri Ərbəindir. İmam Hüseynin (ə) şəhadətindən qırx gün sonraya təsadüf edən Ərbəin günü və onun ziyarəti şiə dini ənənəsində xüsusi əhəmiyyət daşıyır. Lakin bütün bunlardan hər bir mərhum üçün qırxıncı gün xüsusi mərasim keçirməyin vacib olduğu nəticəsi çıxarılmamalıdır.”.
İlahiyyatçı əlavə edib ki, dünyadan köçən əzizlərimizi istənilən vaxt xeyirlə yad edə, onlar üçün Quran oxuya, dua edə, sədəqə verə və Allahdan rəhmət diləyə bilərik:
“Əgər 7-ci, 40-cı gün və ya ildönümü insanların mərhumu xatırlamasına, onun üçün dua etməsinə və yaxınlarının bir araya gəlməsinə vasitə olursa, bunu şəriətin vacib hökmü kimi təqdim etmədən və israfa yol vermədən həyata keçirmək olar”.
