Əməliyyat olunan 6 uşaq anasının ürəyi dayandı - Bir saat sonra həyata qaytarıldı - ANBAAN VİDEO


Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik mübarizədən - qapalı ürək masajı, inotrop dəstək, tənəffüs yollarının intubasiyası və süni ventilyasiya tətbiqindən sonra yenidən həyata qayıtarılıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, reanimasiya şöbəsində həkimin israrla reanimasiya tədbirlərini davam etdirməsi və ürək masajını dayandırmaması nəticəsində pasiyentin ürək fəaliyyəti yenidən bərpa olub.

Tibb müəssisəsinə 19.11.2025-ci il tarixində hospitalizasiya olunan 1988-ci il təvəllüdlü şəxsə (qadın) xroniki kalkulyoz xolesistit, xoledoxolitiaz, mexaniki sarılıq diaqnozları təyin olunub və zəruri tibbi müayinələrdən keçib. Daha sonra pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub və müvafiq şöbədə müalicəsi davam etdirilib. Ancaq 25.11.2025-ci il tarixində, saat 13:50 radələrində palatada 37 yaşlı pasiyentin qəfil vəziyyəti pisləşib və kəskin ağciyər çatışmazlığı fonunda kardiyak arrest baş verib. Dərhal tibbi müdaxilələrə başlayan həkim son anadək mübarizə aparıb və nəticədə onun həyatını xilas edə bilib. Daha sonra pasiyentə Reanimasiya şöbəsində respirator və hemodinamik dəstək davam etdirilib.

Bir müddət nəzarətdə saxlanılan pasiyentin vəziyyətində mərhələli klinik yaxşılaşma müşahidə olunub, həyati təhlükə riski aradan qaldırılıb və ümumi vəziyyəti stabil qiymətləndirilib.

Qeyd edək ki, 6 uşaq anası olan pasiyent artıq ambulator müalicə üçün evə buraxılıb.

/yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ