2050-ci ilə qədər hər kəs eynək taxa bilər: Günahkar təkcə telefonlar deyil


Dünya üzrə uzağı görmə pozuntusu – yəni miopiya – artıq səssiz epidemiya kimi yayılır. Uzun müddətdir bu problemin əsas səbəbkarı kimi əlimizdən düşməyən smartfon və planşetlər göstərilirdi. Lakin "SUNY Optometri Kolleci"nin tədqiqatçılarının apardığı yeni araşdırma məsələnin təkcə ekran qarşısında keçirilən vaxtla məhdudlaşmadığını ortaya qoyub.

Turkustan.az xəbər verir ki, alimlərin fikrincə, əsas risk amili zəif işıq şəraitində gözləri davamlı şəkildə yaxın nöqtəyə fokuslamaqdır. Yəni problem yalnız telefondan istifadə deyil, bunu əksər hallarda gözləri həddindən artıq yoran yanlış işıqlandırma şəraitində etməyimizdir.

Mövcud proqnozlara görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən yarısı miopiya ilə yaşamaq məcburiyyətində qala bilər. Miopiya inkişaf etdikdə göz alması bir qədər uzanır və bu struktur dəyişiklik uzaq məsafəyə fokuslanmanı mümkünsüz edir. Yeni araşdırma bu pozulmanın arxasında "yaxın məsafə və zəif işıq” amillərinin birgə təsirinin dayandığını göstərir.

Normal şəraitdə açıq havada parlaq işıq altında göz bəbəklərimiz qoruyucu mexanizm kimi kiçilir, lakin torlu qişaya kifayət qədər işıq düşür. Ancaq zəif işıqlı otaqda kitab oxuyarkən və ya telefona baxarkən göz bəbəkləri görüntünü aydınlaşdırmaq üçün yenə kiçilir, baxmayaraq ki, işıq kifayət deyil. Bu isə torlu qişaya çatan işığın miqdarını kritik həddən aşağı salaraq gözün strukturunda dəyişikliklərə səbəb ola bilər.

Araşdırmanın nəticələri göstərir ki, zəif işıqda uzun müddət yaxın məsafəyə fokuslanmaq, xüsusilə artıq görmə problemi olan şəxslərdə prosesi daha da sürətləndirir. Mühit çox qaranlıq olduqda, qısa izləmə məsafəsində göz bəbəkləri normadan artıq daralır. Bu isə sağlam görmə qabiliyyətinin formalaşmasına mane olur və göz almasının formasının dəyişməsinə zəmin yaradır.

Digər tərəfdən, yaxşı işıqlandırılmış mühitdə göz bəbəkləri yalnız fokus məsafəsinə deyil, həm də işığın intensivliyinə reaksiya verir və torlu qişa sağlam şəkildə stimullaşdırılmağa davam edir.

Tədqiqatın müəllifləri bildirirlər ki, nəticələr hələ yekun hesab olunmur, lakin miopiya ilə mübarizədə yeni yanaşma üçün imkan yaradır. Professor Xose-Manuel Alonso qeyd edib ki, bu araşdırma görmə vərdişləri, işıqlandırma və fokuslanma arasındakı əlaqəni yenidən izah edən güclü hipotez irəli sürür.

Əgər bu nəzəriyyə gələcək tədqiqatlarla təsdiqlənərsə, uşaqlarda və böyüklərdə miopiyanın qarşısını almaq üçün təkcə ekran vaxtını azaltmaq kifayət etməyəcək. Eyni zamanda oxu və iş mühitlərində işıqlandırmanın keyfiyyətinin artırılması da həyati əhəmiyyət daşıyacaq. /Qaynarinfo/


MANŞET XƏBƏRLƏRİ