"Hamı imtahan götürür, heç kim öyrətmir" - Ekspertlərdən müəllimlərlə bağlı həyəcan siqnalı


"Müəllimlərə hörmətsiz yanaşmaq olmaz”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Şahlar Əsgərov təkrar sertifikasiyada 30 bal toplaya bilməyən müəllimlərdən danışarkən deyib.

Şahlar Əsgərov bildirib ki, təhsilin bu səviyyədə olması ilə bağlı elm və təhsil naziri Emin Əmirullayev açıqlama verməlidir:

"30 ildir ki, eyni sözləri deyirəm. Təhsilə əhəmiyyətsiz müdaxilələr çoxdur. Söhbət nədən gedir? Məktəbi, müəllimi gözdən salmaq və təhsilin səviyyəsini endirmək belə vəziyyət yaradıb. Azərbaycanda hamı imtahan götürmək istəyir. Amma imtahan götürmək lazım deyil, bilməyənləri öyrətmək lazımdır”.

Təhsil eksperti Hidayət Allahverdi isə imtahanın nəticələrini təhsil üçün ağrılı məsələ hesab edir:

"Uzun illər pedaqoji fəaliyyət göstərdiyimdən vəziyyət mənə tanışdır və təhsilverənlərin peşəkarlıq keyfiyyətlərinə də az-çox bələdəm. Təhsilverənlərin, yəni müəllimlərin bir qismi aşağı balla ali və orta ixtisas məktəblərinə daxil olub, oranı aşağı qiymətlərlə başa vuranlardır. Sonrakı mərhələdə onlar öz üzərində işləmir və ya peşəkarlıqla və sistemli şəkildə bu istiqamətdə yönəldilmirlər”.

Təhsil eksperti vəziyyətdən çıxış yolunu iki istiqamətdə aparılacaq islahatlarda görüb:

"Bu islahatları həm təhsilverənlərin hazırlıq mərhələsində, həm də mentorluq sisteminin gücləndirilməsində görürəm. Hər bir halda verilən şansları dəyərləndirə bilməyənləri sistemdə başqa işlə təmin etməklə təhsilverən fəaliyyətindən uzaqlaşdırmaq lazımdır. Əks təqdirdə onları daha savadsızlar əvəz edəcəklər.

Bu haqda nazirin də çıxışları olub. Onun deməsindən belə çıxır ki, başqa işlə təmin ediləcəklər. Amma burada nə qədər şəffaflıq olacağı müəyyən deyil. Bir dəfə cənub bölgəsində təlimdə idim. Təxminən 120 müəllim təlimdə iştirak edirdi. Onların yarısı Gəncə Məişət xidməti Kolleci Cəlilabad filialının qiyabi şöbəsini bitirmişdi. Məncə, bu fakt özü hər şeyi deyir”.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən təkrar sertifikasiyada iştirak edən müəllimlərin imtahan nəticələrini açıqlanıb. Sertifikasiyada 3424 ibtidai sinif müəllimi, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi müvafiq keçid balını, yəni 30 bal toplaya bilməyib.


MANŞET XƏBƏRLƏRİ