Son günlər ölkədə biznes mühitində yaranan qeyri-müəyyənliklər sahibkarlar arasında ciddi narahatlıq yaradıb.
Məlumdur ki, 2026-cı ildən bu avtomobillərə tətbiq olunan ƏDV güzəşti ləğv ediləcək. Bunu nəzərə alan avtosalonlar və avtomobil satışı ilə məşğul olan şəxslər güzəşt dövrü bitmədən daha çox avtomobil ölkəyə gətiriblər.
Lakin son günlər rəsmi qurumlardan şifahi şəkildə xəbər göndərilir ki, həmin avtomobillər 2025-ci ilin sonuna qədər satılmasa, 2026-cı ildə satış zamanı ƏDV ödənilməli olacaq.
Bu məlumat rəsmi sənəd və ya açıq açıqlama ilə verilmədiyi üçün sahibkarlar nə edəcəklərini bilmirlər. Bir çox iş adamı bildirir ki, bu qeyri-müəyyənlik onları əlavə xərclərə məcbur edir.
Bəziləri avtomobilləri 2026-cı ilə saxlamamaq üçün qohum-dostunun adına rəsmiləşdirir. Bu isə əlavə rüsum, vaxt itkisi və lazımsız risk deməkdir. Sahibkarlar hesab edirlər ki, belə vəziyyət nə şəffaf biznes mühitinə, nə də dövlət–özəl sektor münasibətlərinə xidmət edir.
Bununla yanaşı, sahibkarlar bank hesablarından aylıq 30 min manatdan artıq vəsait çıxarılmasına tətbiq edilən məhdudiyyətlərdən də ciddi şəkildə şikayət edirlər. Bu limitlər iri dövriyyə ilə çalışan bizneslər üçün faktiki olaraq fəaliyyəti iflic edir, əməkhaqlarının ödənilməsində, tədarükçülərlə hesablaşmalarda və gündəlik əməliyyatlarda ciddi çətinliklər yaradır.
Ekspertlər hesab edirlər ki, problemin əsas kökü qərarların vaxtında və açıq şəkildə izah edilməməsindədir. Biznes ictimaiyyəti dövlət qurumlarından tələblərin sərtləşdirilməsini deyil, proqnozlaşdırıla bilən, şəffaf və izahlı idarəetməni gözləyir.
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, yeni qoyulacaq Əlavə Dəyər Vergisi (ƏDV) yalnız ölkəyə idxal ediləcək avtomobillərə aiddir.
Əgər avtomobil artıq ölkəyə gətirilibsə və alınaraq satılıbsa, bu məsələ nəzərdə tutulmayıb.
Bəzi hallarda isə süni ajiotaj yaradılır, bəzi oyunbazlar vəziyyətdən öz xeyirlərinə istifadə etməyə çalışırlar. Avtomobil ölkəyə gətirilibsə, onun gömrük rüsumu ödənilib və artıq yenidən ƏDV tutulması absurd görünür. Yəni avtomobil ölkəyə gətirilərkən onun ƏDV-si ödənilibsə və ya azaldılıbsa, müddət bitməmiş bu tələbin tətbiq olunması qanunsuz hesab olunur.
Əlavə dəyər vergisinin tətbiqi yalnız avtomobilin alqı-satqısı zamanı nəzərdə tutula bilər, amma idxal edilmiş avtomobillərə yenidən vergi tətbiq olunması düzgün deyil.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, qərarda göstərilib ki, ölkəyə idxal olunacaq, yaşı 3 ildən çox olmayan hibrid avtomobillər əlavə dəyər vergisindən azad olunurlar:
“Bu qərardan aydın görünür ki, bu, yalnız ölkəyə idxal olunacaq avtomobillərə aiddir. Artıq ölkəyə idxal edilmiş avtomobillərə bu məsələ şamil edilməməlidir. Yanvar ayının 1-dən etibarən ölkəyə idxal olunacaq hibrid avtomobillərdən əlavə dəyər vergisi tutulacaq. Yəni artıq idxal olunmuş avtomobillərə bu tələb tətbiq olunması doğru deyil və bununla bağlı qərar yoxdur”.