Ürək niyə gəncləri öldürür?


Son dövrlər cəmiyyətdə ciddi narahatlıq doğuran məsələlərdən biri 18–20 yaş arası tələbələrin qəfil ürəktutması nəticəsində həyatını itirməsidir.

Əvvəllər daha çox yaşlı nəslə aid edilən ürək-damar xəstəliklərinin bu gün gənclər arasında da geniş yayılması “Ürək xəstəlikləri niyə bu qədər cavanlaşıb?” sualını aktuallaşdırır. Xüsusilə sağlam hesab edilən, aktiv həyat tərzi sürdüyü düşünülən gənclərin qəfil vəfat etməsi cəmiyyətdə narahatlıq yaradır.

Ürək xəstəliklərinin “cavanlaşması" hansı amillərlə bağlıdır?

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında həkim Cəvahir Qəmərli bildirib ki, bunun əsas səbəbləri müasir həyat tərzi ilə bağlıdır:

“Hərəkətsiz yaşam, "fast-food" və yağlı qidalara üstünlük verilməsi, gündəlik stress, yuxu rejiminin pozulması, eləcə də enerji içkilərinin geniş yayılması gənclərin ürək sağlamlığına ciddi təsir göstərir. Bundan əlavə, ailəsində ürək-damar xəstəlikləri olan şəxslərdə risk daha yüksək olur. Genetik faktorlar ürək- damar xəstəliklərinin yaranmasında mühim rol oynayır”.

O qeyd edib kİ, ürək sağlamlığını qorumaq üçün profilaktik müayinələr xüsusi əhəmiyyət daşıyır:

“Gənc yaşlardan etibarən qan təzyiqinin mütəmadi ölçülməsini, qanda xolesterin və şəkər səviyyəsinin yoxlanılmasını, elektrokardioqramma (EKQ) müayinəsindən keçmək tövsiyə edilir. Zərurət yarandıqda ürəyin ultrasəs müayinəsi və ya fiziki yüklə testlər də aparıla bilər. Ürəklə bağlı ən kiçik qüsurların belə erkən mərhələdə aşkarlanması həyati əhəmiyyət daşıyır. Bu baxımdan, gənclərin öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşması, vaxtaşırı tibbi müayinələrdən keçməsi və risk faktorlarını vaxtında aradan qaldırması vacibdir. Erkən diaqnoz bir çox hallarda faciəvi nəticələrin qarşısını ala bilər. Ona görə vaxtaşırı müayinələrdən keçmək olduqca vacibdir”


MANŞET XƏBƏRLƏRİ