Rusiyadan Azərbaycana dəniz yolu ilə səfərlərin təşkili yenidən gündəmə gəlib.
Azərbaycanın quru sərhədləri artıq beş ildir bağlıdır və Nazirlər Kabinetinin son qərarı ilə karantin rejimi 1 aprel 2026-cı ilədək uzadılıb. Bu səbəbdən hazırda Azərbaycanla qonşu ölkələr arasında sərnişin daşımaları yalnız hava nəqliyyatı vasitəsilə həyata keçirilir.
Turkustan.az xəbər verir ki, Rusiyanın “Vodoxod” şirkətinin Xəzər dənizi üzrə yeni kruiz marşrutu planı diqqət çəkib.
Şirkətin direktoru Rişat Baqaudinov “Nəqliyyat Rusiyası” forumunda bildirib ki, qarşıdan gələn qış mövsümündə “Nikolay Jarkov” gəmisi ilə Xəzər dənizi üzrə beynəlxalq kruiz təşkil etmək planlaşdırılır. Marşrut çərçivəsində Mahaçqala və Dərbəndlə yanaşı, Bakı və Tehran limanlarına da daxilolmalar nəzərdə tutulur.
Şirkətin mətbuat xidməti qeyd edir ki, planlaşdırılan kruiz beş Xəzəryanı dövləti - Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanı birləşdirə bilər. İlkin variantlarda Mahaçqala, Aktau, Türkmənbaşı, Bakı və Bəndər-Ənzəli limanlarına səfərlər müzakirə olunur. Bununla belə, vurğulanır ki, beynəlxalq limanlara giriş yalnız müvafiq dövlətlərarası sazişlər imzalandıqdan sonra mümkün olacaq.
Rişat Baqaudinovun sözlərinə görə, məsələ Rusiya Nəqliyyat Nazirliyi ilə birgə işlənir və proses kifayət qədər vaxt aparır. O, həmçinin İran və Türkmənistan üçün viza tələblərinin mövcudluğunu xatırladaraq, kruiz turistləri üçün vizasız giriş imkanlarının qanunvericilik səviyyəsində həll edilməsinin vacibliyini bildirib.
Nazirlər Kabinetinin karantin rejiminin uzadılması ilə bağlı qərarında sərnişinlər üçün dəniz sərhədlərinin açıq və ya bağlı olması məsələsinə ayrıca toxunulmur. Halbuki pandemiyadan əvvəl Bakıdan Türkmənbaşı və Aktau limanlarına sərnişin bərələri fəaliyyət göstərirdi. "Haqqin.az" bildirir ki, COVID-19 pandemiyası dövründə quru və hava sərhədləri ilə yanaşı, bu marşrutlar da dayandırılıb. Məhz bu səbəbdən, mövcud şəraitdə Rusiya şirkətinin Bakı istiqamətində Xəzər üzərindən kruiz səfərləri təşkil etməsi real görünmür. /Modern.az/