ABŞ Daxili İşlər Nazirliyi milli təhlükəsizlik riskləri səbəbindən ölkənin Şərq sahilində tikilməkdə olan beş irimiqyaslı dəniz külək enerjisi layihəsinin icarə müqavilələrinin dayandırıldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, nazirliyin bəyanatında bildirilib ki, qərar ABŞ Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş təhlükəsizlik riskləri əsasında qəbul edilib. Məqsəd layihələrin mümkün risklərini qiymətləndirmək və onların azaldılması yollarını müəyyənləşdirmək üçün icarəçilər və dövlət tərəfdaşları ilə əlavə vaxt qazanmaqdır.
Dayandırılan layihələr sırasında “Vineyard Wind 1”, “Revolution Wind”, “Coastal Virginia Offshore Wind (CVOW)”, “Sunrise Wind” və “Empire Wind 1” yer alır.
Bəyanatda qeyd olunub ki, ABŞ hökumətinin hesabatları nəhəng turbin pərlərinin və yüksək əks etdirici qüllələrin hərəkətinin radar sistemlərinə müdaxilə yarada biləcəyini göstərir ki, bu da milli təhlükəsizlik baxımından risk hesab olunur.
ABŞ Daxili İşlər Naziri Duq Burqum açıqlamasında hökumətin əsas vəzifəsinin Amerika xalqının təhlükəsizliyini təmin etmək olduğunu vurğulayıb. O bildirib ki, bu qərar rəqabətli texnologiyaların sürətli inkişafı və Şərq Sahilində yaşayış məntəqələrinə yaxın yerləşən genişmiqyaslı dəniz külək enerjisi layihələrinin yaratdığı potensial zəifliklərin aradan qaldırılmasına yönəlib.
Qərardan sonra layihə sahiblərindən biri olan Dominion Energy şirkətinin səhmləri 4 faizdən çox dəyər itirib.
Aytən Yaşar/ Turkustan.az