Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı sosial təminat və güzəştlər uzun illərdir cəmiyyətin həssas mövzularından biri olaraq qalır. Xüsusilə təhsil haqqı məsələsi, bu kateqoriyaya aid şəxslər və onların övladları üçün böyük əhəmiyyət daşıyır. Son günlər gündəmə gələn “qaçqınlar təhsil haqqından azaddırmı?” sualı isə məsələnin hüquqi tərəfinə yenidən diqqət çəkib.
Vəkil Ramil Süleymanov KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən yalnız məcburi köçkün statusu olan Azərbaycan vətəndaşları dövlət ali və orta ixtisas təhsil müəssisələrində təhsil haqqı ödəməkdən azaddır.
Vəkil “Təhsil haqqında” Qanunun 14.8-1.6-cı maddəsinə istinad edərək bildirib ki, söhbət yalnız ölkə daxilində məcburi miqrasiya nəticəsində status almış şəxslərdən gedir:
“Qanuna görə, məcburi köçkünlər yalnız ölkə daxilində yerdəyişmə edən və bununla bağlı rəsmi status əldə etmiş şəxslərdir. Qaçqınlar isə başqa ölkələrin ərazisindən gəlmiş və Azərbaycan tərəfindən qaçqın kimi tanınmış şəxslərdir.

Qanunvericilikdə təhsil haqqından azadolma yalnız məcburi köçkün statusu olan vətəndaşlara şamil edilir”.
Beləliklə, hüquqi tənzimləməyə əsasən qaçqın statusu alan şəxslər dövlət təhsil müəssisələrində təhsil haqqından azad olunmurlar.