Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Türkiyə–Suriya münasibətlərinin son bir ildəki gedişatını qiymətləndirmək məqsədilə bu gün Dəməşqə səfər ediblər.
Turkustan.az xəbər verir ki, sözügedən mühüm səfər Türkiyənin SDF/YPG terror təşkilatına Suriya ordusuna inteqrasiya ilə bağlı verdiyi son tarixdən bir neçə gün əvvəl baş tutub. Səfər çərçivəsində nümayəndə heyəti Suriya prezidenti Əhməd Şara və digər yüksək vəzifəli Suriya rəsmiləri ilə görüşlər keçirib.
Danışıqlardan sonra xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Şeybani ilə birgə keçirilən mətbuat konfransında açıqlamalar verib. Nazir Fidan bir daha SDF-ni Suriya hökumətinə inteqrasiya olunmağa çağırıb.
Fidan bildirib ki, Türkiyə Suriyanın sabitliyinə xüsusi əhəmiyyət verir və bu istiqamətdə hər cür yardım və əməkdaşlığa hazırdır. Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan bu məsələyə xüsusi həssaslıqla yanaşır. Nazir eyni zamanda Türkiyənin İsrail ilə Suriya arasında danışıqların müsbət nəticələnməsini istədiyini vurğulayıb və bunun həm regionun, həm də Suriyanın sabitliyi baxımından son dərəcə vacib olduğunu qeyd edib.
Hakan Fidan İsrailin ekspansionist siyasət yürütmək əvəzinə, region ölkələri ilə qarşılıqlı anlaşma əsasında razılaşmaya gəlməsinin regional sabitliyə və qlobal təhlükəsizliyə töhfə verəcəyini bildirib.
Aytən Yaşar/ Turkustan.az