Ukrayna prezidenti Vladimir Zelenski sülh planı çərçivəsində əsas sənəd layihələrinin artıq hazır olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, dövlət başçısı bu barədə Diplomatik Xidmət İşçiləri Günü münasibətilə keçirilən rəsmi tədbirdə jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib.
Zelenski qeyd edib ki, ilkin mərhələ üçün zəruri olan bütün əsas elementlər artıq mövcuddur:
“Düşünürəm ki, ilkin layihələr üçün etməli olduğumuz hər şey artıq var. Plan 20 bənddən ibarətdir. Ola bilsin ki, hər detal mükəmməl deyil, lakin bu plan mövcuddur. Ukrayna ilə Avropa İttifaqı və ABŞ arasında təhlükəsizlik zəmanətlərinə dair çərçivə sənədi hazırlanıb. Bundan əlavə, Ukrayna ilə Amerika Birləşmiş Ştatları arasında ayrıca ikitərəfli təhlükəsizlik zəmanətləri sənədi mövcuddur. Bu sənədlər detalları və qapalı əlavələri ilə birlikdə ABŞ Konqresində nəzərdən keçirilməlidir”.
Prezident bildirib ki, o, təqdim olunmuş sənəd layihələrini artıq gözdən keçirib və hazırkı vəziyyəti “olduqca qənaətbəxş” kimi qiymətləndirib.
Zelenskinin sözlərinə görə, təhlükəsizlik zəmanətlərinə dair sənədlər təkcə Ukrayna hərbçilərinin deyil, eyni zamanda ABŞ hərbçilərinin də birgə işi nəticəsində hazırlanıb. O vurğulayıb ki, bu fakt real nəticəyə çox yaxın olunduğunu göstərir.
Aytən Yaşar/ Turkustan.az