Rusiya–Ukrayna müharibəsi fonunda aparılan mümkün sülh danışıqları Donbass məsələsini yenidən gündəmin mərkəzinə çıxarıb.
Moskvanın Donetsk və Luqanskla bağlı irəli sürdüyü tələblər Kiyev üçün həm siyasi, həm də hərbi baxımdan ciddi çağırış yaradır. Mövcud reallıqlar, beynəlxalq dəstəyin səviyyəsi və bölgənin daxili xüsusiyyətləri Ukraynanın qərar vermə imkanlarını xeyli məhdudlaşdırır.
Xüsusilə ABŞ siyasi dairələrində səsləndirilən fikirlər Kiyevin gələcək taleyi ilə bağlı sualları daha da artırır. Vansın Ukraynanın müəyyən ərazilərdən imtina etməsinin qaçılmaz ola biləcəyi barədə açıqlamaları həm beynəlxalq hüquq, həm də mövcud hərbi-siyasi reallıqlar fonunda ciddi müzakirələrə səbəb olub
Maraqlıdır görəsən, Vansın səsləndirdiyi bu fikirlər reallığa nə dərəcədə uyğundur? Ukrayna hansı əraziləri itirmək riski ilə üz-üzə qala bilər? Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov
Rusiya–Ukrayna müharibəsi faktiki olaraq artıq dördüncü ilinə qədəm qoyub. Bu müddət ərzində Ukrayna öz ərazilərinin təxminən 20 faizini itirib və həmin ərazilər Rusiya tərəfindən işğal olunub. Xüsusilə Donbass bölgəsində vəziyyət daha ağırdır: Luqansk vilayəti demək olar ki, tamamilə, Donetsk vilayətinin isə 80 faizdən çoxu hazırda Rusiya nəzarəti altındadır.
Rusiyanın danışıqlarda əsas tələbi məhz Donbassın – yəni Donetsk və Luqansk vilayətlərinin tam şəkildə Rusiyaya verilməsi və Ukraynanın bunu rəsmən qəbul etməsidir. Təbii ki, bu tələb Ukrayna üçün son dərəcə ağır və qəbul edilməsi olduqca çətindir. Həm bu əraziləri müdafiə etmək, həm də onların itirilməsi ilə barışmaq Kiyev üçün ciddi siyasi və hərbi dilemmdir.
Burada Ukraynanın vəziyyətini çətinləşdirən bir sıra mühüm nüanslar mövcuddur. İlk növbədə, sözügedən vilayətlərdə yaşayan əhalinin böyük əksəriyyəti – təxminən 90 faizi etnik ruslardan ibarətdir. Bu ərazilərdə yaşayan əhali uzun illər ərzində daha çox Moskvaya yönəlib və məhz bu səbəbdən 2014-cü ildən etibarən separatçı meyllər güclənib. Donetsk və Luqansk bu proseslərin mərkəzində yer alıb və Rusiya müxtəlif vasitələrlə burada separatçı hərəkatları dəstəkləyib.
Başqa sözlə, həm etnik tərkib, həm də əhalinin siyasi meyilləri Ukraynanın bu bölgələrdə mövqeyini xeyli zəiflədən amillərdən biridir. Ukrayna tərəfi də bunu anlayır və yaxşı bilir ki, Donetsk və Luqansk kimi işğal olunmuş əraziləri geri qaytarmaq üçün son dərəcə böyük resurslar, ciddi hərbi güc və uzunmüddətli səylər tələb olunur. Xüsusilə də ABŞ və Avropa Birliyinin güclü və davamlı dəstəyi olmadan bu məqsədə yaxın perspektivdə nail olmaq praktiki olaraq mümkünsüz görünür.
Bununla belə, hazırda mümkün olmaması bu məsələnin heç vaxt mümkün olmayacağı anlamına gəlməməlidir. Donbass problemi olduqca spesifik və mürəkkəb məsələdir və Ukraynanın vəziyyətini ağırlaşdıran amillər açıq şəkildə ortadadır. Faktiki reallıq ondan ibarətdir ki, indiki şəraitdə bu ərazilər müəyyən mənada itirilmiş kimi görünür.
Hətta Rusiya tərəfi həmin bölgələrdə referendum keçirilməsini də təklif edə bilər və belə bir halda nəticənin necə olacağı, demək olar ki, əvvəlcədən bəllidir. Bu baxımdan, Ukraynanın Donbass istiqamətində mövqeyi hazırkı mərhələdə son dərəcə çətin və çıxılmaz görünür.
Aytən Yaşar/ Turkustan.az