“Sertifikatlaşdırma prosesi yekunlaşan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə ümumi statistika formalaşıb”.
Turkustan.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazirin sözlərinə görə, 9 min 334 müəllim uğursuz nəticə göstərib:
“Eyni zamanda, 7 min 947 müəllim 60 yaşını tamamlayaraq əmək fəaliyyətini başa vurub. 52 min 194 müəllim 30-50 bal toplayaraq qənaətbəxş nəticə göstərib. 25 min 508 müəllim isə 51 və daha yuxarı bal toplayaraq yüksək nəticə əldə edib.
Bundan başqa, 6 min 493 müəllimin pedaqoji stajı 3 ili tamamlamadığından onlar statistikada ayrıca kateqoriya kimi göstərilib”.
Emin Əmrullayev bildirib ki, sertifikatlaşdırma nəticəsində yaranan vakant dərs saatları iki istiqamətdə bölüşdürülür:
“Həmin dərs saatlarının bir hissəsi hazırda fəaliyyət göstərən müəllimlər arasında paylaşdırılır, digər hissəsi isə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi vasitəsilə vakant yerlərə yeni müəllimlərin cəlb olunması üçün ayrılır./Globalinfo.az