Məleykə Abbaszadə BDU-da imtahan sistemini dəyişəcək


Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin ilk addımlarından biri imtahan sistemini dəyişdirmək olacaq.

Bunu Modern.az-a açıqlamasında təhsil ekspert Ramin Nurəliyev bildirib.

O qeyd edib ki, universitetdə kadr dəyişikliklərinin davam edəcək.

“Prezidentin müvafiq sərəncamına uyğun olaraq, Məleykə Abbaszadə artıq Bakı Dövlət Universitetinin rəhbəri təyin olundu. Bakı Dövlət Universitetində təqdimat mərasimindən sonra prorektor dəyişdirildi. Mən düşünürəm ki, daha bir neçə kadr dəyişikliyinə gediləcək və gedilməlidir də. Çünki Bakı Dövlət Universiteti çox böyük ali təhsil ocağıdır.

Bakı Dövlət Universiteti Azərbaycanın köklü ali təhsil ocaqlarındandır. Universitet həm tələbə kontingenti, həm də müəllim sayı baxımından çox böyük potensiala malikdir. Bu universitetin adının bəzi hallarda korrupsiya ilə bağlı hallanması, vətəndaş olaraq məni çox kədərləndirir. Düşünürəm ki, bu, orada təhsil alanları və valideynləri də müəyyən qədər incidən, narahat edən məqamlardan biridir”.

Nurəliyev hesab edir ki, Abbaszadə BDU-da korrupsiya ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün öncə imtahan sistemini yeniləməyə və qiymətləndirmədə şəffaflığı artırmağa çalışacaq.

“İllər ərzində digər universitetlərdə bu korrupsiya hallarına son qoyulmasına baxmayaraq, Bakı Dövlət Universitetində onların hələ də davam etdiyi qeyd olunurdu. Düşünürəm ki, Məleykə xanımın ora gəlməsi bu hala tamamilə son qoyacaq. Çünki Məleykə xanımın adının keçdiyi yerdə korrupsiyadan söhbət gedə bilməz. Məleykə xanım bu zamana qədər Dövlət İmtahan Mərkəzində şəffaflığı, dürüstlüyü, doğruluğu və obyektivliyi ilə seçilən bir kadr olub”.

Ekspert yeni rektorun Dövlət İmtahan Mərkəzindəki təcrübəsinə əsaslanaraq BDU-da müasir imtahan modeli tətbiq edəcəyini gözləyir.

“Hesab edirəm ki, imtahan modelinin dəyişdirilməsi mütləqdir. Müasir və şəffaf imtahan modeli tətbiq olunmalıdır. Məleykə xanım Dövlət İmtahan Mərkəzindən gəldiyi üçün düşünürəm ki, müasir və şəffaf imtahan modelinin tətbiqinə səy göstərəcək. Mən elə hesab edirəm ki, ilk növbədə bu dəyişikliyi həyata keçirməyə çalışacaq”.

Nurəliyev yeni rəhbərliyin korrupsiya ilə bağlı adı hallanan müəllimlərə münasibətindən də danışıb.

“Bakı Dövlət Universitetində də artıq korrupsiya işıqlarının söndüyünə əmin ola bilərik. Yəni mən bunu sizə rahatlıqla deyə bilərəm. Orada fəaliyyət göstərən, bu zamana qədər bəlkə də korrupsiya ilə məşğul olmuş, adları korrupsiya ilə hallanmış müəllimlər, istər gizli olsun, istər açıq, fərqi yoxdur, artıq təşvişə düşüblər. Bundan sonra Məleykə xanımın rəhbər olduğu yerdə bu cür cəhdlərin olmayacağına əminəm.

Bilirlər ki, Məleykə xanım bu cür halları qətiyyən bağışlamır. Ona görə də Məleykə xanımın adının olduğu yerdə korrupsiya, demək olar ki, sıfırlanmış olacaq. Bunu çox rahatlıqla deyə bilərəm və ümidvaram ki, belə də olacaq”.

Təhsil eksperti BDU-nun elmi potensialını vurğulayıb və bəzi kafedraların gəncləşdirilməsini vacib sayıb.

“Düşünürəm ki, kadr dəyişiklikləri davam etdiriləcək və etdirilməlidir də. Çünki Bakı Dövlət Universiteti çox böyük universitetdir, müəllim kontingenti çox genişdir və bəzi kafedraların gəncləşməsinə ehtiyac var.

Bəzi kafedralar gəncləşməlidir. Baxın, Bakı Dövlət Universiteti hər il beynəlxalq reytinq siyahılarında, xüsusilə də QS reytinqində yüksək yerlərlə təmsil olunub. Çünki Bakı Dövlət Universitetində, həqiqətən də, çox savadlı professor-müəllim heyəti var. Həm tədqiqat, həm də beynəlxalq məqalələr və araşdırmalar baxımından çox böyük potensial var. Sadəcə, universitetdə yaxşı idarəetmə yox idi və ona görə də müəyyən problemlər yaranırdı”.

Nurəliyev ixtisas seçimi zamanı bəzi abituriyentlərin BDU-ya üstünlük vermədiyini müşahidə etdiyini deyib.

“Yəni Bakı Dövlət Universiteti beynəlxalq reytinqlərdə yüksək mövqeyi ilə tanınmasına rəğmən, ölkə ictimaiyyətinin gözündə korrupsiya halları və ya tədrisin yaxşı aparılmaması ilə bağlı fikirlərə görə daha aşağı mövqedə görünürdü. Universitetin adı xoş hallanmırdı. Məsələn, ixtisas seçimi mərhələsində abituriyentlərə Bakı Dövlət Universitetini təklif edəndə, bəzi ixtisaslar istisna olmaqla, onlar bu universiteti seçməkdən daha çox yayınmağa çalışırdılar.

Halbuki Bakı Dövlət Universitetinin adı belə hər şeyə dəyər. Düşünürəm ki, Məleykə xanım ora gələndən sonra Bakı Dövlət Universiteti köklü universitet kimi öz mövqeyini göstərəcək. Hesab edirəm ki, qısa müddətdə Bakı Dövlət Universiteti sevimli universitetlər sırasına qayıdacaq. Bəzi qeyri-leqal yanaşmalar tamamilə aradan qaldırıldıqdan sonra universitetin sürətli inkişafının davam edəcəyini düşünürəm. Məleykə xanımın Bakı Dövlət Universitetini işıqlı, parlayan və yüksələn bir universitetə çevirəcəyinə inanıram”.

Ekspert rektorun kafedralardakı problemlərlə bağlı da tədbir görəcəyini gözlədiyini bildirib.

“Kafedralarda da müəyyən dəyişikliklər edəcəyinə ümidvaram. Çünki, həqiqətən də, bəzi kafedralarda müəyyən problemlər var. Məleykə xanım yəqin ki, bunları qısa müddətdə müəyyən edib və lazımi tədbirləri görəcək”.


MANŞET XƏBƏRLƏRİ