Dövlət qulluğuna girmək istəyənlərə bu suallar veriləcək – 20 faizi...


Dövlət qulluğuna qəbul imtahanlarında namizədlərin yalnız bilik səviyyəsi deyil, emosional davranış və qərarvermə bacarıqları da yoxlanılacaq. Yeni yanaşmaya əsasən, emosional intellektin imtahan proqramına daxil edilməsi nəzərdə tutulur. Bu isə namizədlərin stresli vəziyyətlərdə davranışı, ünsiyyət qurmaq və emosiyalarını idarə etmək qabiliyyətinin necə qiymətləndiriləcəyi ilə bağlı suallar yaradır.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi qeyd edib ki, yeni modeldə sualların 20 faizi emosional intellektə aid olacaq və namizədlərin ünsiyyət, empatiya, emosiyaları idarəetmə və situasiyalara uyğun davranış bacarıqları yoxlanılacaq:

“Bu model demək olar ki, yenidir. Yeni sistemə əsasən, namizədlərin yalnız məntiq və qanunvericilik bilikləri deyil, həm də emosional intellekt və davranış bacarıqları yoxlanılacaq.

Bildiyiniz kimi, indiyədək imtahanlarda dünyagörüşü, Azərbaycan dili və informatika üzrə müəyyən suallar təqdim olunurdu. Yeni modeldə isə emosional təfəkkürün yoxlanılması ilə bağlı suallar da yer alacaq. Təxmini bölgüyə əsasən, sualların 50 faizi qanunvericilik, 30 faizi məntiq, 20 faizi isə emosional təfəkkürlə bağlı olacaq. Namizədlərin emosional intellekti müxtəlif situasiyalar əsasında qiymətləndiriləcək. Məsələn, onlara belə bir sual verilə bilər: iş mühitində və ya vətəndaşla ünsiyyət zamanı kimsə sizə qarşı kobud davranarsa, buna necə reaksiya verərsiniz? Bu cür situasiya sualları vasitəsilə namizədin özünü necə aparması, empatiya qurmaq bacarığı, emosiyalarını idarə etməsi və yaranmış vəziyyətdən çıxış yolu tapması yoxlanılacaq.

Bunun əsasında namizədlərin bir sıra meyarlar üzrə qiymətləndirilməsi aparılacaq. Buraya onların vətəndaşlarla münasibət qurmaq, ünsiyyət və kommunikasiya bacarıqları, dövlət qurumunun nüfuzunu təmsil etmək və qorumaq qabiliyyəti daxildir. Bütün bu xüsusiyyətlər emosional intellekt baxımından dəyərləndiriləcək”.

Ekspertin fikrincə, yeni qaydalarla imtahanlar gələn ilin martından başlaya bilər:

“Yeni modelin tətbiqinə başlanılması üçün bildiyim qədərilə Prezident tərəfindən 5 aylıq müddət müəyyən edilib. Həmin müddət ərzində bu istiqamətdə qəbul proqramı və imtahan mexanizmləri hazırlanmalıdır. Bundan sonra dövlət qulluğuna qəbul imtahanlarının yeni model əsasında keçirilməsinə başlanılacaq. Dövlət qulluğu üzrə imtahan verən bütün namizədlər bu istiqamətdə də qiymətləndiriləcəklər.

Ehtimal edirəm ki, gələn ilin mart ayından və ya sonrakı dövrdən etibarən dövlət qulluğuna qəbul imtahanlarının bu yeni model əsasında keçirilməsi mümkün olacaq”.


MANŞET XƏBƏRLƏRİ