Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrasının kimin həyata keçirəcəyi məsələsinə aydınlıq gətirilib.
DİM-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzin İdarə Heyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrasının həvalə edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə müəyyən olunur.
Qeyd edək ki, Məleykə Abbaszadə noyabrın 19-da DİM-in İdarə Heyətinin sədri vəzifəsindən azad edildikdən sonra quruma yeni rəhbərin təyinatı və ya səlahiyyətlərin müvəqqəti icrası ilə bağlı hələlik rəsmi sərəncam imzalanmayıb.
Hazırda ictimaiyyətin və təhsil camiəsinin diqqəti dövlət başçısının bu istiqamətdə verəcəyi qərara yönəlib.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi İdarə Heyəti sədrinin iki müavini fəaliyyət göstərir: Bəhram Xəlilov və Namiq Babayev.