Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statistik bülletenə görə, cari ilin iyun ayında Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) vasitəsilə həyata keçirilən tranzaksiyaların həcmi 91,31 milyard manatı, sayı isə 218,5 mini ötüb.
Turkustan.az xəbər verir ki, bu 2025-ci ilin anoloji dövrü ilə müqayisədə həmin sistem vasitəsilə həyata keçirilən tranzaksiyaların həcminin 33,38 milyard manat və ya 57,6 faiz, sayının isə 31,7 min əməliyyat və ya 17 faiz artması deməkdir.
Ötən ilin iyununda AZIPS vasitəsilə həyata keçirilən tranzaksiyaların həcmi 57,93 milyard manat, sayı isə 186,8 min olub.
Maliyyə-bank eksperti Əkrəm Həsənov “Bakupost”a bildirib ki, bu artım nağdsız ödənişlərin artması ilə bağlıdır:
“Bu iqtisadi artımla bağlı deyil. Çünki iqtisadi artım ümumiyyətlə yoxdur. İqtisadi biznes sahəsində olan əməliyyatları götürsək, AZIPS vasitəsilə həyata keçirilən tranzaksiyaların həcminin artması yəqin ki, infrastruktur layihələrilə bağlıdır. Bu sahədə artımlar var. Qarabağ və işğaldan azad edilmiş digər ərazilərimizdə həyata keçirilən layihələrdə ola bilsin artımlar müşahidə edilir. Fikrimcə, əsas səbəb bütövlükdə nağdsız əməliyyatların artmasıdır. İnsanlar bu prosesi özləri üçün daha rahat hesab edirlər”. /bakupost.az/