Azərbaycanda kərə yağı bazarında ziddiyyətli mənzərə yaranıb. Belə ki, 2025-ci ildə ölkəyə 20,13 min ton kərə yağı idxal olunub, lakin bu, əvvəlki illə müqayisədə 18% azdır. Buna baxmayaraq, ümumi dəyər 4% artaraq 145,31 milyon dollara çatıb. Yəni bazara daha az məhsul daxil olsa da, daha çox vəsait xərclənib. Beləliklə, həm idxal həcmi, həm də yerli istehsal azalır, amma qiymətlər artır.
Kərə yağı bazarında müşahidə olunan bu vəziyyətin əsas səbəbi nədir? Qiymət artımı daha çox qlobal bazarlardakı bahalaşma ilə bağlıdır, yoxsa daxili istehsalın azalması və heyvandarlıq sektorundakı geriləmə ilə əlaqəlidir? Mövcud tendensiya davam edərsə, yaxın aylarda qiymət sabitliyi mümkündürmü?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, kərə yağının qlobal bazarlarda qiyməti ötən il əhəmiyyətli dərəcədə azalıb:
“Xüsusilə ilin ikinci yarısında kəskin eniş qeydə alınıb. Bu tendensiya cari ildə də davam edir. Proqnozlara görə, ilin sonunadək qiymətlər aşağı səviyyədə qalacaq. Hazırda qlobal bazarda kərə yağının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1,6-1,7 dəfə azalıb. Lakin yerli bazarda əks mənzərə müşahidə olunur, yəni qiymətlər artıb. Qlobal bazardakı ucuzlaşmaya baxmayaraq, daxili bazarda qiymətlərin yüksəlməsi bir sıra amillərlə izah oluna bilər. Azərbaycanda bazar konyunkturası adətən qlobal meyllərlə tam paralellik təşkil etmir. Bu dəfə də oxşar vəziyyət yaranıb”.

Elçin Rəşidov
İqtisadçı bildirib ki, qiymət artımına inflyasiya təsiri, daxili təklif və tələbin xüsusiyyətləri, eləcə də istehlak strukturundakı dəyişikliklər təsir göstərir:
“Kərə yağı qiymətlərinin bahalaşması istehlakın azalmasına səbəb olub. Nəticədə satış həcmi və idxal göstəriciləri də azalıb. Beləliklə, qlobal bazarda ucuzlaşma, daxili bazarda isə bahalaşma müşahidə olunur ki, bu da kərə yağı bazarında ziddiyyətli vəziyyət formalaşdırır”.