Ətin qiymətində gözlənilməz dəyişiklik – “Dövlət müdaxilə etməsə…”


Bu ilin yanvarında Azərbaycana 8,2 milyon ABŞ dolları dəyərində 3332 ton ət idxal olunub. Statistik göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həm həcminin, həm də ümumi dəyərinin azaldığını göstərir. Lakin diqqət çəkən əsas məqam qiymət dinamikasıdır: 1 kiloqram ətin orta idxal qiyməti 2,22 dollardan 2,46 dollara yüksəlib ki, bu da illik müqayisədə 10,8 faiz artım deməkdir. Başqa sözlə, bazara az həcmdə ət daxil olur, lakin daha yüksək qiymətə.

Mövcud bahalaşmanın səbəbləri nədir və qarşıdakı dövrdə ət bazarında hansı dəyişikliklər gözlənilir?

Turkustan.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, ətin bahalaşmasının əsas səbəblərindən biri iqlim dəyişiklikləridir:

“İqlim dəyişikliyi nəticəsində örüş torpaqları azalır, yaylaqlar məhdudlaşır və bu da heyvandarlığa ciddi təsir göstərir. Nəticədə imkanlar daralır və istehsal həcmi azalır”.

“Azərbaycanda müvafiq standartlar mövcuddur, lakin təklif azaldıqca qiymətlər artır. Burada bir neçə səbəb var: qlobal qeyri-sabitlik, logistika xərclərinin artması və dünya bazarlarında baş verən proseslər qiymət artımına gətirib çıxarır. Dünya bazarlarında təklifin azalması nəticəsində bir çox ölkələr ixrac həcmini azaltmağa məcbur olur. Əvvəllər müəyyən miqdarda ixrac edən ölkələr indi daxili tələbatı nəzərə alaraq ixracı məhdudlaşdırır. Bu isə idxaldan asılı ölkələrdə, o cümlədən Azərbaycanda qiymət artımına və idxalın azalmasına səbəb olur”.

Ət bazarında gözləntilərə gəlincə, Emin Qəribli hesab edir ki, qısamüddətli dövrdə, xüsusilə Novruz və Ramazan bayramları ərəfəsində müəyyən qiymət artımı mümkündür:

“Lakin ciddi problem gözlənilmir. Sahibkarlar bazarı tənzimləyəcək, idxal həcmi artırıla bilər. İl ərzində cüzi artım ehtimalı var, amma kəskin bahalaşma proqnozlaşdırılmır. Bu proseslər təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə də baş verir.

Artan qiymətlər müəyyən mənada bu sahəni investisiya baxımından daha cəlbedici edir. Rentabellik artdıqca investisiyalar yönəlir və nəticədə istehsal genişlənə, qiymətlər isə sabitləşə bilər. Lakin bu proses zaman tələb edir. Bunu müvəqqəti çətinlik kimi qiymətləndirirəm . Bazar mexanizmləri zamanla tarazlığı bərpa edə bilər. Dövlətin də iqlim dəyişiklikləri ilə bağlı xüsusi proqramlar qəbul etməsi daxili istehsalın artmasına və mövcud çatışmazlığın aradan qaldırılmasına töhfə verə bilər”.

İqtisadçı Günay Hüseynova isə bildirib ki, idxalın həcminin artmasına səbəb yerli istehsalın həcminin ilbəil azalması ilə əlaqədardır:

“İdxal qiymətlərinin əvvəlki illərlə fərqinə gəldikdə, bu, həmin ölkələrdəki qiymət artımı və inflyasiya ilə əlaqədardır. Ət bazarındakı gözləntilər barədə onu deyə bilərəm ki, yaxın gələcəkdə dövlət müdaxiləsi olmasa, qiymətlər kəskin yüksələ bilər.

Digər məsələ isə alternativ bazara yönəlmə ola bilər. Yəni qiymətlərin kəskin yüksəlməsinə qarşı alternativ bazara, məsələn, Hindistan, Pakistan bazarına daha çox yönəlmə mümkündür”.


MANŞET XƏBƏRLƏRİ