Erməni Milli Konqresi Azərbaycan ərazisində separatçı Qarabağ hərəkatının başlanmasının 38-ci ildönümü münasibətilə bəyanat yayıb.
Turkustan.az-ın məlumatına görə, bəyanatda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti şurasının 1988-ci il fevralın 20-də qəbul etdiyi qərarın Qarabağda erməni hərəkatının başlanmasında mühüm hadisə kimi qeyd edilir.
“20 fevral münasibətilə Erməni Milli Konqresi Qarabağ hərəkatının veteranlarını və onların layiqli nəsillərini təbrik edir. Biz tarixi reallıqları dərk etməklə və birgə səylər göstərməklə ölkəmizin məhvə doğru gedişinin qarşısını almaq üçün “Artsax” hərəkatının danılmaz ənənələri və dərsləri üzərində ölkənin siyasi həyatını bərpa edəcəyimizə və təməlini qoya biləcəyimizə nikbin inancımızı bildiririk”, - deyə bəyanatda qeyd edilir.
Ermənistanla Azərbaycan arasında sülh razılaşmalarının reallaşdığı bir vaxtda Erməni Milli Konqres Partiyasının Qarabağda ləğv edilmiş separatçılığı xüsusi xatırlaması siyasi avantüraya xidmət edir.
Qeyd edək ki, EMK-nin lideri Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyandır. 1997-ci ildən etibarən Ermənistan-Azərbaycan münaqişəsinin həllində sülh tərəfdarı kimi çıxış edən və problemin həllində praqmatik yanaşma nümayiş etdirən Levon Ter-Petrosyanın son zamanlar radikal mövqeyə keçdiyi müşahidə olunur.
Vaxtilə işğal altındakı əraziləri Azərbaycana qaytarmaq və dinc, yanaşı əməkdaşlıq qurmaq istədiyinə görə “Qarabağ klanı” tərəfindən prezident postundan istefaya göndərilən Ter-Petrosyan indi sülh prosesinə dəstək vermək əvəzinə revanşist müxalifətlə yaxınlaşıb.
Onun mövqeyini dəyişməsi daha çox iyun ayında keçiriləcək seçkilərlə izah oluna bilər. Aparılan rəy sorğuları Erməni Milli Konqresinin siyasi reytinqinin 1 faizdən də az olduğunu göstərir. Bu baxımdan, Ter-Petrosyan liderlik etdiyi partiyanın seçkilərdə uğur qazanmaq şansı yoxdur.
Ona görə də EMK populist və şovinist bəyanatlar yaymaqla revanşist müxalif elektoratın səslərini qazanmağa çalışır. Ancaq Ermənistan cəmiyyəti qarşıdan gələn seçkilərdə “Qarabağ klanı”nın və müharibə tərəfdarlarının yenidən hakimiyyətini qazanmaq istəmir.
Qeyd edilən səbəbdən, EMK-nin Ermənistanın gələcəyini Qarabağ hərəkatının “ənənələri” üzərində qurmaq səyləri ona hər hansı siyasi divident gətirə bilməz. /Cebheinfo.az/