"Ana dili -milli kimliyimizdir!" adlı tədbir keçirilib


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon MKS-nin 1 nömrəli kitabxana filialı 16 nömrəli Texniki Humanitar Liseydə 21 fevral Beynəlxalq Ana dili Günü ilə bağlı "Ana dili -milli kimliyimizdir!" adlı tədbir keçirib.

Turkustan.az xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanları və ümumən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Səbail rayon MKS-nin 1 nömrəli kitabxana filialının baş kitabxanaçısı Suzana Məmmədova dilimizin saflığı, onun qorunması istiqamətində dövlətin həyata keçirdiyi siyasətdən danışıb:


"Bu gün burada toplaşmağımızın məqsədi —21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində milli kimliyimizin əsas qayəsi olan ana dilimizə yenidən nəzər salmaq, ona olan sevgimizi paylaşmaqdır.

Bildiyiniz kimi qarşıdan tariximizin ən ağrılı günlərindən biri olan Xocalı soyqırımının 34-cü ildönümü gəlir. Həm Xocalı qurbanları, həm də torpaqlarımız uğrunda şəhid olan Vətən övladlarının ruhunu bir dəqiqəlik sükutla yad etməyi sizlərdən xahiş edərdim.

Ana dilimizi qoruyan alimlərimiz, müəllimlərimiz və şagirdlərimizlə bu gün bir bir araya gəlmək böyük qürurdur.

Əminəm ki, bugünkü tədbirimiz hər bir iştirakçının qəlbində Ana dilinə sevgini daha da artıracaq".


Sonra çıxış edən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Biblioqrafik nəşrlər şöbəsinin baş biblioqrafı Afət Məmmədova dilimizə olan dövlət qayğısından söz açıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan dilinin qorunması, gənclərimizin onu mənimsəməsi, bu dildə danışıb təhsil almaları istiqamətində çalışıb. AMEA əməkdaşı hazırda da bu siyasətin davam etdiyini bildirib.


AMEA-nın Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə doktoru Faiq Ələkbərli Azərbaycan dilinin təkcə 10 milyonluq Azərbaycan dövlətinin deyil, ümumilikdə 50 milyonluq azərbaycanlıların dili olduğunu deyib. O dilimizin qədimliyi, tarixə söykənən mərhələləri, onun saflığı, gözəlliyi barədə də tədbir iştirakçılarını məlumatlıandırıb. Faiq Ələkbərli deyib ki, hər bir məktəbli, yeniyetmə, gənc dilimizi sevməli, onu qorumalı və Ana dilimizlə fəxr etməlidir.


Daha sonra çıxış edən müasir Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə seçilən, sözün gücünü və milli ruhu yaradıcılığında yaşadan qələm sahibi Aliyə Əzizgül, tanınmış jurnalist Ramidə Allahverdiyeva da Azərbaycan dilinin saflığı, onun gözəlliyi və dünya dilləri arasında özünəməxsus yer tutmasından danışıblar.


Çıxış edənlərin ümumi fikri ondan ibarət olub ki, Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır.


Tədbirin bədii hissəsində şagirdlərin ifasında şeirlər və musiqilər səsləndirilib. Sonda tədbir iştirakçılarına kitabxana tərəfindən təşəkkürnamələr təqdim edilib.


MANŞET XƏBƏRLƏRİ