Paytaxtdakı 225 nömrəli tam orta məktəbdə Ana dili gününə həsr olunmuş ədəbi-bədii tədbir yüksək səviyyədə təşkil edilib. Tədbirin əsas məqsədi şagirdlərdə ana dilinə sevgi və ehtiram hissinin daha da gücləndirilməsi, Azərbaycan dilinin zənginliyinin, saflığının və ifadə imkanlarının təbliği olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən məktəbin direktoru Sevda Eminova ana dilinin milli kimliyimizin, mənəvi varlığımızın və dövlətçilik ənənələrimizin əsas dayaqlarından biri olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir və gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyəsi ümumtəhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdəndir.
Qeyd olunub ki, ölkəmizdə dil siyasətinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan dili beynəlxalq tribunalar səviyyəsində səslənir, elmi və ədəbi mühitdə mövqeyini daha da möhkəmləndirir.
Tədbirin ərsəyə gəlməsində məktəbin direktor müavini, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Zenfira Nusalovanın xüsusi rolu vurğulanıb. Onun təşəbbüsü və təşkilatçılığı ilə hazırlanmış proqram ana dilinə sevginin aşılanması, milli-mənəvi dəyərlərin təbliği və türk dünyasının ortaq mədəni irsinin gənc nəslə çatdırılması baxımından əhəmiyyətli olub. Zenfira Nusalovanın elmi-pedaqoji təcrübəsi və maarifçilik fəaliyyəti tədbirin yüksək səviyyədə təşkilində mühüm rol oynayıb.
Tədbirin təşkilində və bədii hissəsinin hazırlanmasında Gülnarə Yusifova, Esmira Hüseynova və Mətanət Sadıqovanın fəal təşkilatçılığı xüsusi qeyd olunub. Onların təşəbbüskarlığı və yaradıcı yanaşması proqramın dolğun və məzmunlu şəkildə təqdim edilməsinə mühüm töhfə verib.
Tədbir çərçivəsində 8e, 8r, 7e, 7r və 9e sinif şagirdləri tərəfindən ana dilinə həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Şagirdlərin bədii qiraəti və səhnə çıxışları Azərbaycan dilinin ahəngini, poetik gücünü və ifadə zənginliyini bir daha nümayiş etdirib.
Həmçinin İbrahim Əsgərov və məktəbin Kiçik Akademiyasının üzvləri çıxış edərək ana dilinin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu diqqətə çatdırıblar.
Sonda bildirilib ki, bu kimi maarifləndirici və vətənpərvərlik ruhunda keçirilən tədbirlər şagirdlərin nitq mədəniyyətinin formalaşmasına, ədəbi dil normalarının dərindən mənimsənilməsinə və milli-mənəvi dəyərlərə sədaqət hissinin daha da möhkəmləndirilməsinə xidmət edir.



